Növ: Cydonia oblonga - Adi heyva print

Azərbaycanda yabanı və becərilən halda geniş yayılıb. O, ən çox Lənkəran ovalığında, aşağı (700 m), bəzən orta və yuxarı dağ qurşağına (1200 m) qalxır. Ona Böyük və Kiçik Qafqazda da düzən və dağətəyi ərazilərdə rast gəlinir. Tək-tək və ya qrup halında talalarda, meşəaltı kimi aşağı sıxlıqlı meşələrdə, müxtəlif kollarla qarışıq halda bitir. Meşələrin aşağı yarusuna daxil olur. Azərbaycanda heyvanın bir çox sortları becərilir. Hündürlüyü 3-5 m olan ağac və ya koldur. Cavan zoğları əvvəlcə sıx keçətüklü olur. Çiçəkləri ikicinsli, iri, ləçəkləri 5 ədəd, iri, qırmızımtıl və ya ağdır. Toxumları qəhvəyi rənglidir. Xoşagələn iyi və dadı olan meyvədir. Ən çox bişmiş halda istifadə olunur.

Tərkibində çoxlu şəkər, vitamin vardır. Xalq təbabətində toxumundan işlədici və yumşaldıcı, seliyindən isə sərinləşdirici maddə kimi istifadə olunur. Seliyi göz dərmanı kimi faydalıdır.