Alt aləm: Rhodophyta - Qırmızı yosunlar print

Qırmızı yosunlar qədim orqanizm hesab olunur. Onların mənşəyi tam öyrənilməyib. Qırmızı yosunların əksər növü çoxhüceyrəli, bəziləri birhüceyrəlidir. Bu alt aləmin bitkiləri Qırmızı yosunlar (Rhodophyta) şöbəsinə aid olub çoxhüceyrəli orqanizmlərdir. Bədənləri orqanlara ayrılmayıb, tallom şəklindədir. Hazırda 7 sinfə  aid 10 000-ə qədər qırmızı yosun növü məlumdur. Onların içərisində ən tanınmış cinslər porfira (Porphyra), nemalion (Nemalion), korallina (Соrаllina) və s.-dir. Qırmızı yosunların rəngi onların tərkibindəki xlorofil, karotinoidlər, qırmızı fikoeritrinlər, göy fikosianinlər və digər piqmentlərin miqdarından asılıdır. Qırmızı yosunlara okeanların və dənizlərin dibində də rast gəlinir. Onlara torpaq və şirin sularda da təsadüf edilir. Qırmızı yosunlara Qırmızı dənizdə daha çox rast gəlinir. Onlar qeyri-cinsi və cinsi yolla çoxalır. Qırmızı yosunların bəzi növlərindən aqar-aqar (jelatinin bitki mənşəli əvəzləyicisi) istehsal olunur. Bəzi ölkələrdə onlardan mal-qara üçün yem hazırlayırlar.

Xəzərdə qırmızı yosunların 20 növü təsvir edilmişdir. Onlardan 2 növ – Xəzər dermatolitonu (Dermatloithon caspicum) və Xəzər lorensiyası (Laurencia caspica) "Azərbaycanın Qırmızı Kitabı"nın II nəşrinə daxil edilmişdir.

Qırmızı yosunların bəzi növləri (porfira, anfelsiya) yeyilir. Bəzi növlər farmasevtik əhəmiyyətlidir. Bəzi növlərdən aqar-aqar və yod alınır.