Şöbə: Cyanobacteria - Sianobakteriyalar print

Sianobakteriyalar quruluşlarına görə bakteriyalara bənzəyir. 2500-ə qədər növü məlumdur. Onlar, əsasən, müxtəlif formalı (dəyirmi, silindrik) birhüceyrəli orqanizmlərdir. Uzun, çoxhüceyrəli saplar və ya koloniyalar yarada bilirlər. Onlar əsl bakteriyalardan hüceyrə divarının tərkibində bir qədər sellülozanın, sitoplazmasında isə xlorofil (xloroplaslarda deyil, qranullarda) və digər piqmentlərin (karotin, ksantofil və fikobilin) olması ilə fərqlənir. Çoxhüceyrəli sianobakteriyaların bəzi hüceyrələri atmosfer azotunu fiksə etmək qabiliyyətinə malikdir.

Onlar şirin və şor su hövzələrində, torpaqda yaşayır, fitoplanktonun tərkibinə daxildirlər. Onların bəzi növlərinə dənizlərdə rast gəlmək olar. Əlverişsiz şəraitə düşdükdə spor əmələ gətirir, göbələklərlə simbioz əlaqə yarada bilir. Sadə bölünmə üsulu ilə çoxalırlar. İntensiv çoxaldıqda suyun çiçəklənməsinə gətirib çıxarırlar. Fotosintez edirlər. Məişətdə əhəmiyyətli rolu yoxdur.

Sianobakteriyalar da Yer kürəsinin qədim sakinləridir. Onlar qıjılar, mamırlar və toxumlu bitkilərdən əvvəl yaranmışlar. Bir neçə milyarda yaxın yaşları var.