Şöbə: Phaeophyta - Qonur yosunlar print

Bu yosunlar çoxhüceyrəlidir. Hər hüceyrənin bir nüvəsi vardır. Qonur yosunlar müxtəlif uzunluqda (bir neçə mikrondan 40 m-dək) və müxtəlif formalarda olur. Dəniz və okeanların sakinləri olan qonur yosunların hazırda 240 cinsə aid 1500 növü məlumdur. Bunlardan üç cinsi şirin su, qalanları isə dəniz bitkiləridir.
Xlorofil və qonur piqmentlərlə (karotin, ksantofil və fukoksantin) zəngin olduğuna görə bu yosunlar qonur rəngdədir.  Şöbənin ən çox tanınmış nümayəndələri Laminaria Fucus cinsindən olan yosunlardır.

Qonur yosunlar vegetativ, cinsi və qeyri-cinsi yolla çoxalır. Çoxalma orqanları biryuvalı və çoxyuvalı sporangilərdir. Vegetativ çoxalma tallomun hissələri, qeyri-cinsi çoxalma haploid sporlar, cinsi çoxalma isə izoqametlər, heteroqametlər və ooqametlər vasitəsilə gedir. Tallom (yun.  "thallos" - cavan budaq, zoğ) yosunların diferensiasiya olmamış (gövdə, yarpaq, kök), toxuma xarakteri daşımayan vegetativ bədənidir.

Qonur yosunlara haploid nəsillə diploid nəslin növbələşməsi xarakterikdir. Cinsi hüceyrələrdə qamçılar mövcuddur. Bütün dənizlərdə yayılmış qonur yosunlar üç sinfə ayrılır.

Qonur yosunlar qədim su bitkiləridir. Belə hesab olunur ki, qıjıkimilər onlardan yaranmışdır. Bütün dənizlərdə yayılmış qonur yosunlar 3 sinfə bölünür: Aplanosporophyceae, Rhaeosporophyceae və Cyclosporophyceae. Qonur yosunlar bir çox ekoloji sistemlərdə mühüm rol oynayır. Onlar faktiki olaraq, su hövzələrində əsas üzvi maddə mənbəyidir. Həmçinin, qonur yosunlar atmosferi oksigenlə zənginləşdirir və nəhayət, onlar su hövzələrinin təmizlənməsində mühüm əhəmiyyət kəsb edir. Qonur yosun cəngəllikləri sahil dəniz ekosistemlərinin əsas hissəsini təşkil edir. Bu yosunlar su hövzələrini üzvi maddələrlə təmin edir, atmosfer tərkibinin sabit saxlanmasında iştirak edir, bir çox balıqların və onurğasız canlıların yaşayış yeri rolunu oynayır. Qonur yosunlar alkin turşuları və onların duzlarının almaq, habelə yem unu hazırlamaq üçün istifadə edilir. Tibbdə yodlu və başqa mikroelementli preparatların istehsalında istifadə edilir, bəziləri (dəniz kələmi, ulva və s.) yeyilir.

Azərbaycanın alqoflorasında 13 növ qonur yosun təsvir edilmişdir. Onlardan 2 növ – Berthold feostroması (Phaeostroma bertholdi) və Xəzər monosifonu (Monosiphon caspicus) "Azərbaycanın Qırmızı Kitabı"nın II nəşrinə daxil edilmişdir.

Qonur yosunlar 3 sinfə bölünür: