Şöbə: Bryophyta - Mamırkimilər print

Bu şöbəyə alçaqboylu, uzunluğu 50 sm-ə çatan çoxillik bitkilər aiddir. Mamırlar praktiki olaraq hər yerdə, o cümlədən bataqlıqlarda və səhra ərazilərində, 4000 m-dək yüksəkliklərdəki subnival qurşaqda, hətta şirin su hövzələrində (Fontinalis) belə yayılmışdır.

Onların bəzilərinin bədənləri tallom (qatlar) şəklindədir, lakin böyük bir qisminin bədəni gövdə və yarpaqlara ayrılmışdır. Bütün coğrafi zonaların rütubətli, nəm yerlərində məskunlaşıblar. Qeyd edildiyi kimi, mamırkimilərin kök sistemi yoxdur. Onlar rizoid adlanan tükcüklü çıxıntılar vasitəsilə torpağa yapışır və bu strukturlarla torpaqdakı qidalı maddələri sorur. Ən geniş yayılmış nümayəndələri 300-ə yaxın növdən ibarət sfaqnum (Sphagnum fallax), politrixum (Polytrichum commune), marşansiya (Marchantia polymorpha) mamırlarıdır.

Mamırların inkişafı cinsi (qametofit) və qeyri-cinsi (sporofit) nəslin növbələşməsi ilə gedir. Cinsi nəslin fərdlərində müxtəlif ölçülü sporlar əmələ gəlir. Dişi cinsi hüceyrələr (arxeqonilərdə əmələ gəlir) erkək hüceyrələrlə (antiridilərdə əmələ gəlir) mayalandıqdan sonra sporofit inkişaf edir. Həmin sporofitin hüceyrələri diploid xromosom yığımına malik olur. Meyoz nəticəsində yaranmış sporlarda haploid xromosom yığımı mövcuddur. Sporlar torpağa tökülərək cücərir və haploid xromosom yığımına malik olan qametofit bitkiyə başlanğıc qoyur. Haploid qametofit inkişaf siklində dominantlıq təşkil edir. Qametofitdə yenidən cinsi hüceyrələr yaranır və proses təkrarlanır. Bu bitkilərin spesifikliyi ondan ibarətdir ki, eyni bir bitki üzərində həm qametofit (cinsi nəsil), həm də sporofit (qeyri-cinsi nəsil) inkişaf edir (Mamırların cinsi çoxalmasının həyat tsikli).

Mamırlar bir çox ekosistemlərdə məskunlaşaraq digər bitki növlərinin və hətta heyvanların yaşayış mühitinə təsir edir. Onların intensiv çoxalması torpağı korlayır. Sfaqnum mamırları məhv olduqdan sonra torf yataqları əmələ gətirir. Bəzi mamır növlərindən tibb və tikinti sənayesində istifadə olunur.

Belə hesab edirlər ki, mamırlar ilkin yerüstü bitkilərdən olub, 450 – 500 mln. il əvvəl yaranmışlar. Mamırlar biosenozda və insan həyatında yüksək əhəmiyyətə malik varlıqlardır. Belə ki onlar:

  • yeni əraziləri məskunlaşdıran pioner (ilk) canlılardır. Onlar tədricən məhv olmaqla digər mamırkimilər və ya borulu bitkilər üçün məskunlaşma substratı hazırlayır;
  • xüsusi biosenozların yaranmasında iştirak edir, bəzi hallarda torpağı bütövlüklə örtür (tundra);
  • mamır örtüyü radioaktiv maddələri toplayır və özündə saxlayır;
  • yüksək miqdarda suyu özünə hopdurub saxlamaqla landşaftların su rejiminin tənzimlənməsində mühüm rol oynayır;
  • səth sularını müntəzəm yeraltı sulara çevirməklə torpaqları eroziyadan qoruyur;
  • tibbdə bəzi sfaqnum mamırlarının tərkibindəki fenol birləşmələrindən (sfaqnol) bakterisid təsirli sarğı materialı kimi istifadə olunur;
  • kənd təsərrüfatı təyinatlı torpaqların məhsuldarlığını aşağı salır, onları bataqlıqlaşdırır.

Dünyada mövcud olan 25.000-ə qədər mamır növündən 445-inə Azərbaycan brioflorasında rast gəlinib. Onlardan Amblystegiaceae, Brachytheiaceae, Hypnaceae, Trichostomaceae, Dicranaceae, Pottiaceae fəsilələri daha çox növlərlə təmsil olunmuşlar.

Mamırkimilər 3 sinfə bölünür: Antoserotlar (Anthocerotopsida), Ciyərkimilər (Hepaticopsida) və Yarpaqgövdəlilər (Musci və ya Bryopsida). Dünyada 9000, Azərbaycanda 22 növ ilə təmsil olunan Ciyərkimilər 2 alt sinfə - Marşansiyakimilər və Yungermaniyalara bölünür. Yarpaqgövdəlilərin dünyada 15 000-ə qədər, Azərbaycanda 400-dən çox növü təsvir edilib. Onlar 3 alt sinfə bölünür: torf mamırları (Sphagnidae; dünyada 300-dək, Azərbaycanda 2 növ), Andrey mamırları (Andreaidae; dünyada 120-dək, Azərbaycanda 1 növ) və Brium mamırları (Bruidae; dünyada 14 000-dək, Azərbaycanda 420 növdən çox).

Azərbaycan brioflorasının nadir və nəsli kəsilməkdə olan növləri aşağıdakılardır: Anomodon rugelii, Atrichum haussknechtii, Barbula rigidulus, Blindia acuta, Brachythecium populeum, Dicranoweisia cirrata, Encalypta vulgaris, Grimmia orbicularis, Fissidens taxifolis, Leptodictyum kochii, Plagiopus oederi, Polytrichum alpinum, Polytrichum commune, Tetraphis pellucida, Thuidium recognitum. Mütəxəssislər (Məmmədova A. və b., 2009) onların adlarının "Azərbaycanın Qırmızı Kitabı"na salınmasını tövsiyə edirlər.

 

Subnival ərazinin mamırkimiləri