Şöbə: Angiospermae və ya Magnoliophyta - Örtülütoxumlular və ya Çiçəklilər print

Bu şöbənin bitkilərinə demək olar ki, Yer kürəsinin hər yerində rast gəlmək olar. Bu şöbənin 300-dən artıq fəsiləyə, 10 min cinsə aid 250.000 – 400.000-ə qədər növü məlumdur. Müasir zamanda onlar ən çox yayılmış bitkilər hesab olunur. Bu bitkilərə otlar, kollar və ağaclar aiddir. Bu şöbənin tipik nümayəndələri çovdar, buğda, qızılgül, ağcaqayın, ağcaqovaq və s. bitkilərdir.
Bu bitkilər üçün də nəslin növbələşməsi xarakterikdir. Örtülütoxumluların ən özəl xüsusiyyəti onların çiçəklərə malik olmasıdır. Çiçək sporofitin törəməsi olub, şəklini dəyişmiş zoğdur. Məhz bu səbəbə görə, onlar çiçəkli bitkilər adlanır. Bitkilər, əsasən, ikicinsli, bəzən isə müxtəlif cinsli olur. Toxum meyvənin içində yerləşir. Çiçəkdə dişicik və erkəkcik olur ki,bunlar da onun əsas hissələridir. Dişiciyin aşağı hissəsində (toxumluq, yumurtalıq) toxumlar inkişaf edir. Buna görə də, bu bitkiləri örtülütoxumlular adlandırırlar. Dişiciyin aşağı hissəsində yumurtalıq, dar sütuncuq və dişicik ağızcığı yerləşir. Hər bir erkəkcik isə erkəkcik saplağı (teli) və tozluqdan ibarətdir. (Çiçəyin strukturu). Yumurtalığı örtülü olan dişiciyin əmələ gəlməsi bitkilərin təkamülündə mühüm hadisədir.
Örtülütoxumluların çoxu ikicinslidir. Onların çiçəklərində eyni zamanda həm erkəkcik, həm də dişicik olur. Lakin bu bitkilərin bir çox növlərinin bir qismi yalnız dişicikli, digərləri isə yalnız erkəkcikli olur. Bu cür bitkilər ikievli adlanır. Dişicikli və erkəkcikli çiçəklər, əsasən, müxtəlif fərdlərdə olur. Məsələn, söyüd, titrək qovaq, tut, kənaf və s. Bəzən dişicikli və erkəkcikli çiçəklıər eyni fərddə yerləşir (məsələn, asterkimilər).
Çiçəkli bitkilərin dişi qameti 8 rüşeym kisəciyi hüceyrəsindən ibarətdir. Bu hüceyrələrdən biri yumurta hüceyrəsidir. Bu mikroskopik struktur bir meqaspordan yaranır. Erkək qametofit ya mikrospordan, yaxud da tozluğun mikrosporangilərində yerləşən tozcuq dənələrindən inkişaf edir. Tozcuq dənəsi dişicik ağızcığına düşərək bölünür, generativ hüceyrəyə və sonradan tozcuq borusuna inkişaf edən hüceyrəyə başlanğıc qoyur. Sonradan tozcuq borusu dişiciyin yumurtalığı ilə qovuşur. Generativ hüceyrənin borucuğunun nüvəsi tozcuq borusu ilə aşağıya miqrasiya edir. Burada generativ hüceyrə iki spermiyə bölünür. Bu spermilərdən biri yumurta hüceyrə ilə qovuşaraq diploid ziqot əmələ gətirir. İkinci spermi isə nüvə ilə qovuşur və triploid nüvə yaradır. Həmin triploid nüvədən endosperm inkişaf edir. Nəhayət, hər iki struktur toxumluğa düşür, toxumluq isə yumurta hüceyrəyə keçir və meyvə inkişaf edir. Meyvədə bir və yaxud bir neçə toxum ola bilər. Bu cür mayalanma ikiqat mayalanma adlanır. Bu mayalanma 1898-ci ildə S. Q. Navaşin (1857 – 1950) tərəfindən kəşf olunmuşdur. İkiqat mayalanmanın bioloji məqsədi bundan ibarətdir ki, triploid endospermin inkişafı sayəsində bitkilər həm çoxsaylı nəsil verir, həm də plastik və energetik resurslara qənaət edir.
Gövdə bitkilərin orqanıdır. Yarpaqlar, kök və çiçəklər gövdəyə birləşmişdir. Yarpaqlar bitkinin ən vacib orqanlarından biridir. Onlar müxtəlif formalar, bir neçə qat hüceyrələr və böyük miqdarda xloroplastlarla xarakterizə olunur. Yarpaqlar bitkilər üçün bitki və ətraf mühit arasında qaz mübadiləsi edən orqan rolunu oynayır. Tərkiblərində xlorofil olduğuna görə yarpaqlar fotosintez qabiliyyətinə malikdir. Fotosintezin əsasında iki reaksiya durur – suyun fotolizi və CO2-nin fiksə olunması.
Kök torpaqdan suyu və mineral maddələri adsorbsiya edərək gövdəyə ötürür. Çılpaq və örtülütoxumlularda su və mineral maddələr torpaqdan kök tükcükləri vasitəsilə adsorbsiya olunur. Sonradan bu maddələr kök sistemində osmotik təzyiq, kapilyarların fəaliyyəti, ksilemada olan, bəzi ağac formalarında 100 bara çatan mənfi təzyiq nəticəsində ksilemaya keçir və transpirasiya ilə, yəni yarpaqlardan suyun buxarlanması ilə bitir.
Örtülütoxumluların sənayedə rolu böyükdür. Onlardan qida sənayesində heyvanlar üçün yem, sənayenin müxtəlif sahələrində xammal kimi və s. istifadə edilir.
Çiçəkli bitkilər birləpəli (Monocotyledones və ya Liliopsida) və ikiləpəli (Dicotyledones və ya Magnoliopsida) kimi 2 sinfə ayrılır.