Cins: Sparganium - Qurbağaotu print

Azərbaycanda aran və aşağı dağ qurşağı regionlarında (Samur-Dəvəçi, Kür-Araz və Lənkəran ovalığı, Kiçik Qafqaz, Naxçıvan dağlığı və s.) 6 növü yayılmışdır. Onlara göllərin, arxların kənarlarında, bataqlıqlarda təsadüf olunur. Bunlar kökümsovlu, çoxillik, uzun-xətvari formalı yarpaqlı bitkilərdir. Çiçək qrupu salxıma və ya süpürgəyə bənzərdir. Çiçək qrupunun budaqları üzərində başcığa yığılmış çiçəklər yerləşir (yuxarıda erkəkcik daşıyan, aşağıda isə dişicik daşıyan). Dişicik daşıyan çiçəklər əvvəl yetişir, küləklə çarpaz tozlanır. Erkəkcikli çiçəkdə yanlıq olmur. Erkəkciklər 3 ədəddir. Dişicikli çiçəklər 3-6 ədəd pərdəşəkilli pulcuqdan ibarət yanlıq vardır. Yumurtalığı üstdür. Meyvəsi çəyirdəklidir. Növlərin təyinində gövdənin və meyvənin əlamətləri əsas götürülür.