Cins: Typha - Ciyən print

Azərbaycanda 9 növü rast gəlir. Bu növlər respublikanın əksər aran rayonlarında (Samur-Dəvəçi, Lənkəran ovalığı, Naxçıvan düzənliyi, Xəzər ətrafı, Kür-Araz ovalığı və s.) göllərin, kanalların ətrafında və bataqlıqlarda yayılıb. Daryarpaq və enliyarpaq ciyən növləri daha geniş yayılıb. Kökümsovlu çoxillik bitkilərdir. Gövdələri 1,5 m-ə qədər hündürlüyə çatır. Yarpaqları xətvaridir, qınlıdır. Çiçəkləri bircinslidir, qıçayabənzər çiçək qrupuna yığılıb. Çiçək qrupunda ucda erkəkcik daşıyan çiçəklər, aşağıda isə dişicik daşıyan çiçəklər yerləşir. Erkəkcik daşıyan çiçəklərdə sapları ilə bitişmiş 3 ədəd erkəkcik olur. Yumurtalıq üstdür. Küləklə tozlanırlar, meyvələri fındıqçadır. Növlərin təyinində çiçək qrupunun əlamətləri əsas götürülür.