Xaçmaz rayonu print

Ərazisi Samur-Dəvəçi ovalığında yerləşən Xaçmaz rayonu 1930-cu ildə təşkil edilmişdir. 1963-cü ildə ləğv edilərək Quba və Qusar rayonlarına qatılmış, I965-ci ildə yenidən müstəqil rayon olmuşdur.

Relyefi. Ərazinin relyefi əsasən düzənlikdir. Ən yüksək ərazilər 200-220 m təşkil edir. Bəzi yerlər dəniz səviyyəsindən 28 m aşağıdadır. Ərazidə düzənlik meşələri mövcuddur.

Geoloji quruluşu. Rayonun geoloji quruluşunda yer səthində bilavasitə açılışları olan Antropogenin Dördüncü Dövr çöküntüləri iştirak edir. Dördüncü Dövr Azərbaycanın relyefində, o cümlədən şimal-şərq bölgəsinin relyefində əsaslı dəyişikliklər, tektonik tempinin artması, Böyük Qafqaz qalxması baş vermişdir.

Çayları və su hövzələri. Ərazi yüksək inkişaf etmiş çay şəbəkəsinə malikdir. Bu çayların mənbələri yüksək olduğundan bolsulu və itiaxan çaylardır. Əsas çayları Samurçay (3600 m, 216 km), Qusarçay (3780 m, 113 km), Quruçay-Məzraçay (2500 m, 77 km), Qudyalçay (3000 m, 108 km), Ağçay (1780 m, 68 km), Qaraçay (93 km, 2900 m), Caqacuqçay (1780 m, 65 km) və Vəlvələçaydır (2920 m, 98 km). Bu çaylardan əlavə ərazidə xeyli bulaqlar, çeşmələr, Dəlikqobu, Cuhudçay, Asmaçay, Dəliçay kimi kiçik çaylar mövcuddur. Rayonun ərazisi qrunt sularının səviyyəsi ilə də fərqlənir.

Landşaftları və bioloji müxtəlifliyi. Torpaqları çəmən-meşə, şabalıdı və açıq-şabalıdıdır. Samur-Yalama meşə massivi Samur-Dəvəçi ovalığının bir hissəsini əhatə edir və nazik bir zolaq şəklində dəniz sahilboyu Dağıstan sərhədlərinə qədər uzanır. Bu ərazi gözəl landşafta və bir sıra balneoloji resurslara malik qiymətli iqlim kurortudur. Dəniz qumuna malik çimərliklə yanaşı meşə ərazisinin yaxın olması, mineral bulaqların bolluğu, müalicəvi və dəniz havası, mülayim iqlim və digər əlverişli xüsusiyyətlər bu yerlərin cəlb ediciliyini daha da artırır. Ərazinin iqlimi, əsasən, yağıntıları bərabər paylanan mülayim-isti iqlimə aiddir. Burada yay isti, payız uzun müddətli isti, qış və yay isə mülayim sərin keçir. Yalama meşələrinin əsas ağacları palıd növləri (Quercus sp.), Qafqaz vələsi (Carpinus caucasica) və ağyarpaq qovaqdan (Populus hybrida) ibarətdir. Buradakı bütün meşə sahələri birinci kateqoriyaya aid edilmişdir. Zonanın təbii və iqtisadi baxımdan əlverişli olması sahilboyu istiraht düşorgələrinin xeyli artmasına səbəb olmuşdur. Əsas meşə tipləri cavan palıd, lianlı palıd-qarağac, palıd-vələs, müxtəlifotlu palıd və vələs meşəliyindən ibarətdir. Daha seyrək ərazilərdə zirinc (Berberis sp.), qaratikan (Paliurus spina-christi), itburnu (Rosa sp.), əzgil (Mespilus germanica), heyva (Cydonia oblonga), yemişan (Crataegus sp.) kimi tikanlı kolcuqlar geniş yayılmışdır.

Yuxarı yarusa çatan lianlar buradakı landşafta xüsusi gözəllik verir. Ərazi lianlarla zəngindir. Burada endem lian olan gitarayarpaq smilax (Smilax panduriformes) qeyd edilmişdir. Meşənin dərinliklərində toxunulmamış, sıx cəngəlliklər mövcuddur. Burada 40-45 m-ə çatan fıstıq (Fagaceae) fəsilsi ilə yanaşı Ulmaceae (Ulmus minor) Saliceae (Salix sp., Populus hybrida) fəsilələrinə aid ağac növlərinə rast gəlinir. Bu ərazilər Rosaceae fəsiləsinə aid ağac və kollarla-yemişan (Crataegus sp.), alma (Malus sp.), armud (Pyrus sp.), heyva (Cydonia oblonga), əzgil (Mespilus germanica) ilə zəngindir. Bunlardan əlavə nisbətən seyrək şəkildə pirakanta (Pyracantha cocinea ), zoğal (Cornus mas) və svida (Swida australis) kollarına rast gəlinir. Pyrocantha coccineaVitis sylvestris Azərbaycanın Qırmızı Kitabına salınmışdır. Xaçmaz rayonu Respublikada əsas göbələk istehsalçısı və istehlakçısı sayılır. Ərazinin su hövzələrinin kənarları, rütubətli, qrunt suları səviyyəsinin nisbətən yüksək olduğu sahələr ibtidai bitkilərlə zəngindir. Onlardan biri - böyük qatırquyruğu (Equisetum telmateia) nəsli kəsilməkdə olan relikt növdür.
Ərazi birillik və çoxillik ot bitkiləri ilə də çox zəngindir. Meşə ərazilərinin əsas hidrofil bitkiləri Callitrichaceae, Hydrocharitaceae, Marsileaceae, Salvinaceae, Lemnaceae fəsilələrinə aiddir. Sahilə doğru getdikcə dendroflora qovaq (Populus sp.), söyüd (Salix sp.), iydə (Eleagnus sp.), yulğun (Tamarix sp.) ilə əvəz olunur. Bu ərazilər ağ əsmə (Clematis sp.), böyürtkan (Rubus sp.) kollarının sıx pöhrəliyi ilə seçilir. Cənuba doğru getdikcə açıq sahələrdə Plumbaginaceae, Compositae, Ephedraceae, Leguminosae, Chenopodiaceae Solanaceae fəsilələrinə aid olan yarımsəhra bitkilərinə rast gəlinir. Sahil ekosistemləri özünün rəngarəngliyi və özünəməxsusluğu ilə seçilir. Burada bir-birinə sıx şəkildə axar, axmaz, şirinsu, duzlu su, yarımsəhra və səhra ekosistemləri və landşaftları bir-birini əvəz edir. Ərazinin bitki örtüyü yulğun (Tamarix sp.), cil (Juncus sp.), duzluca (Salicornia sp.), Convolvulus sp. və s. yarımsəhra bitkilərindən ibarətdir. Ağçay, Qaraçay, Qusarçay, Qudyalçay kimi bir sıra iri çayların deltaları bu əraziyə düşür. İnsanlar burada öz istirahətlərini, əsasən, tilovla balıq tutmaqla keçirir.
Ərazinin faunası da zəngindir. Ərazinin su hövzələrində 9 növ və yarımmnöv yanüzən xərçəng tapılmışdır. Xərçənglər Gammarus, Pontogammarus, Dikerogammarus cinslərinə aiddir. Xaçmaz rayonu üçün 13 hörümçək növü qeyd edilmişdir. Onlar, əsasən, Dyciinidae, Uloboridae, Atypidae, Dysderidae, Scytodidae Titanoecidae fəsilələrinə aiddir. Mütəxəssislər burada 1000-ə yaxın cücü növü tədqiq etmişlər. İxtioloji məlumatlara görə ərazinin əsas balıq növləri bunlardır: çay qızılxallısı (Salmo trutto fario) və zərtəpər (Barbııs capito capito). Azərbaycanın ''Qırmızı Kitabına daxil edilmişdir. kütüm (Rutilus kutum )Xəzər dənizinin endem balıqlarındandır, həşəm (Aspius aspius taeniatus), çəki (Cyprinus carpio), terek altağızı (Chondro.^toma oxyrhynchum ), külmə (Rutilus rutilus caspius), qarasol (Vimba vimba persa), terck şirbiti (Barbus ciscaucasicus), qafqaz enlibaşı (Leuciscus cefalus orientalis), qıjovçu (Alburnoides bipunctaus), şimali qafqaz gümüşcəsi (Alburnus charusini charusini), şimali qafqaz çılpaqcası (Nemachilus merga), qızılüzgəc (Scardinius erythrophthalmus), uzun bığlı qumIaqçı (Gobio cicaucasiecus), kiçik cənub tikanbalığı (Pingitius platygaster), qafqaz xulu (Pamatsehisicus caucasicus), qambuziya (Gambusia affinis affinis), xəzər minoqası (Caspiomyzon wagneri).

Quşlar (Aves). Turac (Francolinus francolinus), alabaxta (Columba palumbus), lintux (Colomba oenas), adi bayquş (Otus scops), qulaqlı bayquş (Asio otus), ev koryapalağı (Athene noctua), adi koryapalaq (Strix aluco), ququ quşu (Cuculus canolus), yaşıl ağacdələn (Picus viridis).

Məməlilər sinfi (Mammalia ). Adi tülkü (Vulpes vulpes), ağdöş kirpi (Erinaceus concolor), çaqqal (Canis aurea), tarla siçanı (Apodemus agrarius), cırtdan siçan (Mus minulus), meşə süleysini (Dryomys nitedula), süleysin (Glis glis).

Tarixi. Xaçmaz ərazisi antik dövrlərdə Qafqaz Albaniyasının şimnal vilayətinə (Çola) daxil olmuşdur. Azərbaycanın xanlıqlar dövründə Quba Xanlığının ilk paytaxtı Xudat idi. Sərkərli, Mollaburhan, Hulovlu, Qaraciq, Həsənqala, Tel kəndlərində aşkar edilmiş Tunc və Dəmir Dövrlərinə aid arxeoloji tapıntılar bu yerlərin çox qədim tarixə malik olduğunu sübut edir.

Əhalisi. Ərazi öz milli tərkibinin müxtəlifliyi ilə fərqlənir. Rayon əhalisinin milli tərkibinin əsasını azərbaycanlılar təşkil edir. Sayca sonrakı yerlərdə ləzgilər, tatlar, türklər, kürdlər, ruslar, yəhudilər, tatarlar durur.

Geoloji təbiət abidələri. Ərazinin relyef xüsusiyyətləri (düzənlik və qumluq) geoloji təbiət abidələrinin formalaşması üçün o qədər də əlverişli deyil. Bununla yanaşı burada mineral və termal bulaqlar həddən artıq çoxdur. Müqtədir - Nabran, Yalama ərazisi nəinki Respublikada, onun hüdudlarından kənarda da tanınmış rekreasiya zonalarındandır.

Çempion ağacları. Burada 17 ağac abidə qeydə alınmışdır. Uzunömürlü və çox yaşlı ağaclar, əsasən, Ləcət və Müzəffəroba kəndlərində yayılmişdır. Onların əksəriyyəti çinar (Platanus) ağaclarından ibarətdir. Rayonda 60-dan çox tarix və mədəniyyət abidəsi qorunub saxlanmışdır.

Arxeoloji abidələri. Sərkərli, Mollaburhan, HulovIu, Qaracıq, Həsənqala kəndlərinin yaxınlığında Tunc Dövrünə aid qədim yaşayış məskənləri və kurqanlar. Tel kəndində Dəmir Dövrünə aid Şəhərgah yaşayış yeri. Müqtədir qəsəbəsi yaxınlığında IX-XIII əsrlərə aid Müqtədirtəpə, Padartəpə yaşayış yerləri.

Tarixi-mədəni abidələri. Şollar kəndi yaxınlığında Şollar su anbarı və su kəməri (1913). Şıxlar kəndində Şeyx Yusif türbəsi (XV əsr), məscid (XVI əsr).
Moruqoba, Qalağan, Uzunoba, Tağaroba kəndlərində XX əsrə aid məscidlər. Qraqurtlu kəndində XV-XVI əsrlərə aid Şah Abbas məscid mədrəsəsi. Dəmiryol vağzalı (1903).