Şabran rayonu print

Böyük Qafqazın şimal-şərqində yerləşən, şərqdən Xəzər dənizi ilə əhatə olunan Şabran rayonu 1930 -cu ildə təşkil edilmiş, 1963-cü ildə ləğv edilərək Abşeron rayonuna qatılmış, 1965-ci ildə bərpa edilmişdir. Mərkəz şəhəri olan Şabran (1944-cü ildən şəhər tipli qəsəbə, I961-ci ildən şəhər) əvvəllər Dəvəçi, Dəvəçibazar adlanmışdır. 1992-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə Dəvəçi rayonunun əsasında Siyəzən rayonu təşkil edilmiş, rayonun ərazisinin bir hissəsi yeni yaranan rayona verilmişdir.

Relyefi. Səthi, əsasən, dağlıq olub Baş Qafqaz silsiləsinin cənub-şərq qurtaracağı, Yan silsilənin cənub-şərq qurtaracağı, Xəzəryanı ovalıq hissəsi (Samur-Dəvəçi ovalığı) ilə əhatə olunur. Ən aşağı hissəsi Xəzəryanı ovalıqda dəniz səviyyəsindən 28 m aşağı, ən yüksək hissəsi Dəhnə kəndindən cənubda Quytar dağıdır (1593 m).

Geoloji quruIuşu. Rayonun dağlıq hissələrində Tabaşir, Paleogen və Neogen, ovalıqda Antropogen çöküntüləri yayılmışdır. Ərazi neft, qaz, çınqıl, qum, gii və digər faydalı qazıntı yataqları ilə zəngindir. Müalicə əhəmiyyətli mineral suları, Qalaaltı sanatoriyası, Xaltan istisuyu əhali tərəfindən müxtəlif daxili xəstəliklərin müalicəsində geniş istifadə olunur.

Çayları və su hövzələri. Əsas çayları Vəlvələ, Gilgil, Dəvəçi, Şabran çaylandır. Gilgilçayın mənbəyi Gülüm -dostu (2713 m) dağında yerləşir. Dəvəçiçayın mənbəyi Gümyurd dağda (1530 m) yerləşir. Şabrançayın mənbəyi Yan silsilənin Klit dağının şərq yamacından (1680 m) yavanır. Vəlvələçayın mənbəyi Babadağın yamaclarında (2920 m) yerləşir.

Landşaftları və bioloji müxtəlifliyi. İqlimi ovalıq və dağətəyi yerlərdə mülayim-isti, quraq-subtropik, dağlıq yerlərdə isə mülayim-soyuqdur. Yayı quraq keçməklə illik yağıntının miqdarı 300-600 mm-dir. Dağlıq sahədə qəhvəyi dağ-meşə, dağ şabalıdı, açıq-şabalıdı, ovalıqda şorakətvari boz qonur və s. torpaqlar vardır. Dəniz sahilində qumluqlar yayılmışdır.
Əsas bitki örtüyü kolluq və seyrək meşəli çəmənliklərdən, yovşanlı və yovşanlı şoranotlu yarımsəhralardan, dağlıq sahələrdə isə meşəliklərdən ibarətdir. Rayonun dağlıq əraziləri geniş meşə sahələrinə malikdir. Burada, əsasən, palıd (Quercus iberica), şərq fıstığı (Fagus orientalis), vələs (Carpinus sp.), göyrüş (Fraxinus sp.), ağcaqayın (Acer sp.), ardıc (Juniperus sp.) cinslərinə aid ağaclara rast gəlinir. Müşayiətedici ağac-kol cinslərindən alma (Malus sp.), armud (Pyrus sp.), itburnu (Rosa sp.),  əzgil (Mespilus germanica) və s. növlərə rast gəlirnir. Alçaq dağIığın arid meşələri seyrək şəkildə ardıc (Juniperus sp.), yemişan (Crataegus sp.), saqqız (Pistacia mutica), söyüdyarpaq armud (Pyrus salicifolia), qaratikan (Paliurus sp.), dovşanalması (Cotoneaster sp.), itburnu (Rosa sp.) kimi ağac-kollardan ibarətdir. Dənizə doğru ərazilər üçün tək-tək söyüdyarpaq armud (P.salicifolia) ağaclarından ibarət geniş çəmənliklər xarakterikdir. Nadir növlərdən şoranyer qarğasoğanı (Gladiolus halophilus), ilankölgəsi (Ferula sp.), adi nar (Punica granatum). Sahilə yaxınlaşdıqca ağac-kollar öz yerini yüksəkboylu ot bitkilərinə verir. Yalnız rütubət və mineralların toplaşdığı qayalıqlarda nar (Punica granatum), əncir (Ficus carica), dağdağan (Celtis glabrata), xırdameyvə albalı (Cerasus microcarpa), itburnuya (Rosa canina) rast gəlinir.
Sahil əraziləri, əsasən, yarımsəhra bitkilərindən ibarətdir. Bununla yanaşı burada iyd ə (Eleagnum angustifolia) və nadir növ olan cuzqun (Calligonum sp.) kollarına rast gəlinir. Meşələrində ayı, canavar, çaqqal, tülkü, qaban və s. məməli yırtıcılara rast gəlinir. Quşlardan sahil ərazilərdə subataqlıq quşları geniş yayılmışdır.
Tarixi. Ptolomey (II əsr) bu şəhərin adını Sapothrenae kimi çəkir. Mənbələrə görə, Şabran şəhəri erkən orta əsrlərdə Şərvan vilayətinin mərkəzi və Massaget Arşakilərinin siyasi mərkəzi olmuşdur. Şəbəran (Şaburan) vilayəti və onun əsas şəhəri Şəbəran (Şəburan, Şəbran) şəhərinin qalıqları və xarabalıqları Şahnəzərli kəndinin yaxınlığında, Padar-Şəbran kəndi yaxınlığında aşkar edilmişdir. Burada gil və saxsı qab qırıqları, Sasanilər dövrünə aid kərpiclər, təknə qəbirlər və erkən orta əsrlər şəhərinə məxsus digər maddi mədəniyyət əşyaları aşkar edilmişdir. Ərəb müəllifləri Şəbəranı Sasani hökmdarı I Xosrov Ənuşirəvanın (531-579) saldırdığm ı qeyd edir.

Əhalisi. Burada azərbaycanlılar əksəriyyət (96%) təşkil edir. Sayca ikinci yerdə tatlar üstünlük təşkil edir. Digər xalqların nümayəndələri ləzgilər, türklər, ruslar yaşayır.

Geoloji təbiət abidələri. Ərazinin ən gözəl geoloji təbiət abidələri buradakı palçıq vulkanlarıdır. Nohurlar kəndi yaxınlığında dəniz səviyyəsindən 1000 m yüksəklikdə dağ gölləri yerləşir.

Çempion ağacları. Şabran rayonu qocaman ağac abidələri ilə zəngindir.

Arxeoloji abidələr. Aygünlü kəndi yaxınlığında Erkən Tunc Dövrünə aid Çaqqallitəpə yaşayış yeri. Baş Əmirxanlı kəndi yaxınlığında erkən Dəmir Dövrünə aid Ağmul yaşayış yeri. Gəndob kəndi yaxınlığında orta əsrlərə aid Almastəpə, Gülüstantəpə yaşayış yerləri. Şabran şəhəri yaxınlığında Orta Əsrlərə aid Rustəpə yaşayış yeri. Gəndob kəndi yaxınlığında Orta Əsrlərə aid Gülüstantəpə və Kömürtəpə yaşayış yerləri.

Tarixi-təbiət abidələri. Qalaaltı kəndi yaxınlığında, ərazinin ən hündür dağ zirvəsindəki nəhəng qaya üzərində tikilmiş Çıraqqala qalası (V-VI əsrlər). Qala müdafiə xarakterli olmuşdur. Qalanın divarları və 12 yarımdairəvi bürcləri daşdan tikilmiş, baş bürcə kərpicdən üziük çəkilmişdir. Düşmənin yaxınlaşdığını xəbər vermək üçün qalanın baş bürcünün üstündə tonqal yandırılırmış. “Çıraqqala" adı buradan yaranmışdır. Şahnəzərli kəndi yaxınlığında Orta Əsrlərə aid Şabran şəhəri. Aygünlü, Gilvar, Ləcədi, Baş Əmirxanlı Zeyvə kəndlərində XIX əsrə aid məscid.