Qəbələ rayonu print

Relyefi. Relyefi, əsasən, dağlıqdır. Çimli dağ-çəmən, qonur dağ-meşə, qəhvəyi dağ-meşə, allüvial çəmən meşə, dağ tünd-şabalıdı və s. torpaqlar yayılmışdır. Şimalda alp və subalp çəmənlikləri, dağ meşələri (palıd, fıstıq, vələs), mərkazi hissədə kollu və seyrək meşəli çəmənliklər, cənubda isə yovşanlı və yovşanlı-şoranotlu yarımsəhra bitkiləri, kserofit seyrək meşəliklər geniş sahə tutur. Yüksək turizm potensialına malikdir.
Geoloji quruluşu. Ərazinin şimal hissəsində, əsasən, Yura, Tabaşir, mərkəzi və cənub hissəsində isə Antropogen çöküntüləri yayılmışdır.
Çayları və su hövzələri. Sıx çay şəbəkəsi sisteminə (Türyan, Dəmiraparan və onların qolları olan Tikanlıçay, Bum , Vəndam və s.) malikdir. İqlimi aşağı hissədə qışı quraq keçən mülayim-isti, yüksək dağlıqda isə soyuq və rütubətlidir. İllik yağıntı aşağı hissədə 500-600 mm , yüksək dağlıqda 1600 mm-ə qədərdir.
Tarixi. Qəbələ rayonu ərazisi qədim sivilizasiya beşiklərindən biridir. M .ə. III minilliyin Tunc dövrünə aid olan Qəbələ kurqanları bunu sübut edir. Burada tapılmış Makedoniya, Sasani, Parfiya, Selevk və Qədim Roma imperiyalarına məxsus sikkələr onun məşhur ticarət və mədəniyyət mərkəzi olduğunu göstərir. 2500 il yaşa malik olan Qəbələ, Kabalaka, Xabala Azərbaycanın ən qədim şəhərlərindən biri, Qafqaz Albaniyasının paytaxtı olmuşdur (indiki Çuxur Qəbələ kəndi ətrafı). 1747-ci ildə Qəbələ müstəqil Qəbələ Sultanlığı elan olunmuş, sonralar mahal qismində Şəki xanlığına qatılaraq Şəki xanları tərəfindən təyin olunan yerli Qəbələ sultanları-naiblər tərəfindən idarə olunurdu. Qəbələ Sultanlığının sonuncu sultanı məşhur Azərbaycan yazıçısı, ictimai və hərbi xadim, general - mayor İsmayıl bəy Qutqaşınlının atası naib Nəsrullah Sultan olmuşdur. Müasir Qəbələ rayonu 1930-cu ildə təşkil edilmişdir.
ƏhalisiQəbələdə azərbaycanlılar ilə yanaşı, ləzgilər, udinlər, türklər, ruslar, ukraynalılar yaşayır.

Flora və fauna. Bitki örtüyü dağlıq əraziyə məxsus şaquli zonallıq üzrə yayılmışdır. Mərkəzi hissədə kollu və seyrək çəmənliklər, cənubda isə yovşan (Artemisia sp.) və şorangəli (Salsola sp.) yarımsəhra bitkiləri, bozqır yayla ərazisində arid tipli meşələr yayılmışdır. Şimal ərazilərdə Qanıx-Həftəran vadisində, 600-2000 m yüksəkliklərdə palıd (Quercus sp.), fıstıq (Fagus sp.), və s. (Carpinus sp.) meşələri vardır. Bu meşələrdə seyrək şəkildə əzgil (Mespilus germanica), alça (Prunus divaricata), şərq alması (Malus orientalis), armud (Pyrus sp.), qafqaz quşarmudu (Sorbus sp.), böyürtkan (Rubus sp.) və s. ağac və kollara rast gəlinir. Yuxarı dağ meşə qurşağında şərq palıdı (Quercus macranthera), trautvetter ağcaqayını (Acer trautvetteri), tozağacı (Betula sp.) meşələri yayılmışdır. Y üksək dağlıq zonada subalp (1700-2600 m) və alp çəmənlikləri (2500-3100 m) yayılmışdır. Dəniz səviyyəsindən 3100-3600 m yüksəkliklərdə tundra tipli subnival bitkilərinə rast gəlinir. Ərazidə bir sıra relikt nadir və qiymətli fıstıq (Fagus orientalis), giləmeyvəli qaraçöhrə (Taxus baccata), şərq çinarı (Platanus orientalis), adi qoz (Juglans regia), şabalıd (Castanea sativa) meşələri mövcuddur. Çuxur qəbələ kəndi yaxınlığında qrup halında dəmirağac (Parrotia persica), ağyarpaq qovaq və ürəkyarpaq qızılağac meşəsi vardır. Şahdağ Milli Parkının ən mənzərəli landşaftları olan Bazardüzü, Tufandağ sahələri Qəbələ ərazisində yerləşir. Türyançay Dövlət Təbiət qoruğunun əsas hissəsi Qəbələ rayonunun cənubunda Bozdağın Axarbaxar silsiləsində yerləşir. Burada 60-dan çox ağac-kol növünə rast gəlinir. Buradakı kserofit seyrək meşəliklər 3 növ ardıc - ağıriyli (Juniperus foetidissima), çoxmeyvəli ardıc (J. polycarpa) və uzunsov ardıc (J. oblonga), saqqız ağac (Pistacia mutica), iberiya palıdı (Quercus iberica), adi göyrüş (Fraxinus excelsior), saqqallı qızılağac (Alnus barbata), söyüd (Salix purpurea), hibrid qovaq (Populus hybrida), iberiya ağcaqayını (Acer ibericum), qafqaz dağdağanı (Celtis caucasica), adi nar (Punica granatuın), aşı sarağanı (Cotinus coggygria), çaytikanı (Hippophae rhamnoides), kolvari jasmin (Jasminum fruticans), tikanlı itbumu (Rosa spinosissima) və s. ibarətdir. Qoruq ərazisində 112 quş növü, məməlilərin 24, sürünənlərin 20, suda-quruda yaşayanların isə 7 növü qeyd edilmişdir. Sürünənlər, əsasən, kələz ilan (Malpolon monspessulanus), Levant irigürzəsi (Macrovipera lebetina), qafqaz kələzi (Laudakia caucasica) ilə təmsil olunur.
Qoruqda 50-dən çox yuvalayan quş növü, o cümlədən 20 oturaq növ, 27 qışlayan növ qeyd olunmuşdur. Quşların əksəriyyəti (60-dan çox növ) sərçəkimilər dəstəsinə aiddir. Tuqay və arid meşələrdə, əsasən, aşağıdakı növlərə rast gəlinir: qırqovul (Phasianus colchicus), qumru (Streplopelia turtur), sağsağan (Pica pica), sığırçın (Sturnus vulgaris), qarabaş vələmirquşu (Emberiza nıelanocephala), abıquş (Parus coeruleus), qaratoyuq (Turdus merula), yaşıl qızlarquşu (Merops persicus), böyük arıquşuna (Parus major) rast gəlinir. Qoruğun bozqır-çöl və yarımsəhra ərazilərində 5 növ quşa - muymulu qızılquş (Falco tinnunculus), bozqır muymulu qızılquş (Falco naumanni), kəklik (Alectoris chukar), çöl göyərçini (Columba livia), ağbaş kərkəs (Gyps fulvus), keçəl qarakərkəsə (Aegypius monachus) rast gəlinir.

Qaratoyuq (Turdus merula) və baltadimdik (Coccothraustes coccothraustes) ardıc toxumlarını bütün qoruğa səpirlər.

Ərazidə 9 növ yırtıcı məməli yaşayır. Bunlar qonur ayı (Ursus arctos), porsuq (Meles meles), daşlıq dələsi (Martes foina), qamışlıq pişiyi (Felis chaus), vaşaq (Lynx lynx), canavar (Canis lupus), tülkü (Vulpes vulpes), yenotdur (Procyon lotor). Digor məməlilərdən qaban (Sus scrofa). adi kirpi (Erinaceus concolor) vo ağqarın ağdiş (Crocidura suaveolens), 8 növ yarasa, boz dovşan (Lepus europaeus) və bir neçə gəmirici növünə rast gəlinir.

Geoloji təbiət abidələri. Ərazi geoloji təbiət abidələri ilə zəngindir. Hündür şəlalələr (Laza kəndi, Mucux). iti axan çaylar, dəniz səviyyəsindən 3000-3500 m yüksəklikdə yerləşən Tufangöl, Turfangöl dağ gölləri, morenlər, qayalar və əbədi qar örtüklü nival qurşağı, buzlaqlar ərazinin landşaftına xüsusi gözəllik verir.

Çempion ağacları. Ərazidə bir sıra veteran və çempion ağaclar mövcuddur. Azərbaycanın 1000-1200 yaşlı ən qocaman və uca qaraçöhrələri (Taxus baccata) buradadır.

Nadir meəşəliklər: Həzrə kəndi yaxınlığında 4 ha sahədə şabalıdyarpaq palıd (Quercus castaneifolia) meşəliyi. Bum kəndi yaxınlığında 6 ha sahədə şərq çinarı (Platanus orientalis) meşəliyi. Dəmiraparançay hövzəsində 20 ha sahədə meşəaltı budaqlı danaya (Danae racemosa) kolu ilə örtülmüş şərq fıstığı (Fagus orientalis) meşəliyi.

Arxeoloji təbiət abidələri. Nic kəndi yaxınlığında m.ə. III - I əsrə aid Şərqi Zaqafqaziyada geniş yayılmış qədim albanlara aid Yaloylutəpə mədəniyyəti. Ərazidən m.ə. I əsrə aid Roma, Arşaki gümüş sikkələri aşkar edilmişdir. Qonşu mədəniyyətlərin keramikasından kəskin fərqli cəhətləri: saxsı qablar (süzgəcli uzun novçalı küpələr, tək və üçayaqlı vazalar, zoomorf qablar), dən daşları, yarpağaoxşar nizə və oxucluqları xarakterikdir. Ölülər torpaq, küp və çiy kərpicdən düzəldilmiş qəbirlərdə bükülü vəziyyətdə dəfn olunmuşlar. Qəbirlərdə qızıl, tunc, misdən, daş, serdolikdən hazırlanmış zinət şeyləri ilə yanaşı, qab-qacaq, silah, yemək qoyulmuşdur. Həzrə kəndində orta əsrlərə aid qədim qəbiristanlıq, Şeyx Bədrəddin türbəsi (1446), Şeyx Məhəmməd türbəsi (XV əsr), Şeyx Mənsur türbəsi (XVI əsr).

Tarixi-mədəni abidələr. Çuxur Qəbələ kəndi yaxınlığında Qaraçayla Qocalançay arasında Qafqaz Albaniyasının paytaxtı, 2500 il yaşlı qədim Kabalaka şəhərinin xarabalıqları. Şəhərin şimal və cənuba açılan 2 darvazası, ətrafdakı təpələrin üstündə isə gözətçi məntəqələri olmuşdur. Bürclərin, divarların qalıqları dövrümüzə gəlib çatmışdır. Dağılmış cənub bürclərinin hazırkı hündüriüyü 10-11 m, eni 4 m, diametri 15 m-dir. Qazıntılar zamanı tunc Dövrünə aid (m.ə. lll-II minilliklər) yaşayış mərkəzləri, müxtəlif dövrlərdə bütpərəstlik (küp qəbirlər, skeletin yanmış qalıqları), atəşpərəstlik (kütləvi dəfnetmə), xristianlıq və islama xas dəfn xüsusiyyətləri, tapılmışdır. Yaloylutəpə mədəniyyətinə aid tapıntılar, antik dövrə aid böyük bina qalıqları, möhkəm istehkam sisteminin izləri sübut edirki, m.ə. IV-II əsrlərdə bu ərazidə yüksək mədəniyyət olmuşdur. Buradan ayrı-ayrı dövrlərə aid yerli və gətirilmə pul dəfinələri aşkar ediImişdir: Makedoniyalı İskəndər, Frakiya hökmdarı Lisimax, Parfıya hökmdarları Arşak, I Mitridat, II Fraat, Qotars, Roma imperatorları Vespasian, Trayan, Hadrian, Sasani hökmdarları II Bəhrəm, Qubad adına kəsilmiş qızıl, gümüş və mis sikkələr. Həzrə kəndi yaxınlığında Həzrə Qülləsi. IX-XI əsrlərə aid Qəbələ feodal hakimliyinin şimal sərhədlərini qorumaq üçün nəzarət məntəqəsi, müdafiə qülləsi, Sarıhacallı kəndi yaxınlığında IX-XIV əsrlərə aid Pirəşərif memarlıq abidəsi və qəbiristan. Yerli əhali tərəfindən “Pirəşərif baba” adlı bu abidələr kompleksi Savalan keçidi vasitəsi ilə Qəbələyə gedən qədim karvan yolu üstündə yerləşən müşahidə qülləsi olduğu güman edilir.

Burada nadir təbii saqqızağac meşəliyi mövcuddur. Ağaclar 200-300 il yaşa malikdir. Bayramkoxalı kəndində IX əsrə aid Ustacan qülləsi. Dəniz səviyyəsindən 850 m yüksəklikdə yerləşən Həmzəli kəndindəki «Şıx övliyası» və ya «Şeyx Molla Məhəmməd Baba qəbiristanlığı»nda yaşı 1000–1200 il olan giləmeyvəli qaraçöhrə (Taxus baccata) ağacları ilə zəngindir. Burada Azərbaycanın ən qocaman qaraçöhrələri mühafizə olunur.