Qax rayonu print

Qax rayonu 1930-cu ildə təşkil edilmiş, 1963-cü ildə ləğv edilərək Zaqatala rayonuna verilmiş, 1964-cü ildə yenidən müstəqil rayon olmuşdur.

Relyefi. Rayonun şimal və şimal-şərq hissəsi Baş Qafqaz silsiləsinin cənub yamaclarına, mərkəzi hissəsi Qanıx-Həftəran vadisinə, cənub və cənub-şərq hissəsi isə Acınohur öndağlığına daxildir. Ərazinin hündürlüyü Acınohur gölü sahilində təqribən 100 m-dən Baş Qafqaz silsiləsinin yan hissəsində 3480 m-dək (Ahvay dağı) dəyişir.

Geoloji quruluşu. Rayonun şimal və şimal-şərq hissəsində Yura və Tabaşir, mərkəzi hissəsində Antropogen, cənub və cənub-şərq hissəsində Neogen çöküntüləri yayılmışdır.

Su hövzələri. Əsas çayları Qanıx (Alazan), Kürmük və Əyriçaydır. Acınohur gölü bu ərazidə yerləşir. Kürmük çayının mənbəyi Maxı (3480 m) dağının cənubunda 3280 m yüksəklikdədir. Əyriçayın mənbəyi 3200 m yüksəklikdədir.

Landşaftları və bioloji müxtəlifliyi. İqlimi mərkəzi hissədə mülayim isti və yarımrütubətli subtropik, yüksək dağlıqda soyuqdur. Ərazinin iqlimini təyin edən əsas faktorlar şimaldan Baş Qafqaz sıra dağlarının maneəsi, ərazinin yüksəklik dəyişmələri, relyefin güclü parçalanmasıdır. Çimli dağ-çəmən, qonur dağ-meşə, allüvial çəmən-meşə, şabalıdı və açıq-şabalıdı, karbonatlı qara torpaqlar yayılmışdır. Əlverişli iqlim şəraiti (qış və yayın mülayim, yaz və payızın isti keçməsi, vegetasiya dövründə yağıntıların bolluğu, sərt şaxta v ə kəskin quraqlıqların olmaması), xüsusilə meşəlik ərazilərdə zəngin flora və faunanın formalaşmasına səbəb olmuşdur. Ərazinin florası 300-dən çox bitki növündən ibarətdir. Burada 100-ə yaxın ağac və kol bitki növləri yayılmışdır. Vadidə çəmən bitkiləri, ön dağlıqda isə çöl və yarımçöl bitkiləri geniş yayılmışdır. Bu bitkilərin 50-dən çoxu dərman, 100-ə yaxın bitki isə dekorativ və qiymətli seleksiya materialıdır. Nadir bitkilərdən giləmeyvəli qaraçöhrə (Taxus baccata), radde tozağacı (Betula raddeana), ayıfındığı (Corylus colurna) və s. bitkilərə rast gəlinir.
Rayon ərazisində İlisu Dövlət Təbiət Qoruğu yerləşir. Qax rayonunun dendroflorasının əsası şərq fıstığı (Fagus orientalis), qafqaz vələsi (Carpinus caucasica), iberiya palıdı (Quercus iberica), şərq palıdı (Quercus macranlhera), Litvinov tozağacı (Betula litwinowii), sallaq tozağacı (B.pendula), titrəkyarpaq qovaq (Populus tremula), qafqaz cökəsi (Titia caucasica), adi göyrüş (F raxinus excelsior) və s. ağac - kollardan ibarətdir.
Aşağı dağ qurşağının (600–1000 m) əsas ağacları qafqaz vələsi (Carpinus caucasica) və iberiya palıdıdır (Quercus iberica). Burada onlarla yanaşı cökə, ağcaqayın, şabalıd ağaclarına rast gəlinir. Adi fındıq (Corylus avellana), çubuqluca (Philadelphus caucasica), çoxçiçəkli daşsarmaşığı (Cotoneaster multiflora), dağ qarağacı (Ulmus scabra) kolları isə ikinci yarusu və meşəaltı kolluqları təşkil edir.
Orta dağlıq qurşaq (1000–1700 m) meşələrini, əsasən, fıstıq təşkil edir. Onu müşayiət edən ağac və kollar iberiya və şərq palıdı (Q.iberica, Q.macranthera), adi göyrüş (Fraxinus excelsior), ağcaqayın növləri (Acer sp.), cökə (Tilia sp.), şərq alması (Malus orientalis), alça (Prunus divaricata), qafqaz armudu (Pyrus caucasica), meşəgilası (Padus racemosa), zoğal (Cornus mas) v ə s. növlərdir. Ot örtüyü isə topal (Festuca drumeya), çətiryarpaq (Asperula odorata) və s. taxıl və paxlalı bitkilərdən ibarətdir.
Yuxarı dağ meşə qurşağının (1600-1800 m) fıstıq üstünlük təşkil edir. Yuxarıya qalxdıqca fıstıq azalır. Burada landşaft fonunu fıstıq (Fagus sp.), cökə (Tilia sp.), vələs (Carpinus sp.), ağcaqayın (Acer sp.), qarağac (Ulmus sp.) növlərindən ibarət qarışıq meşələr əvəz edir.
1800-2100 m yüksəkliklərdə şərq palıdı (Q.macranthera), qarağac (Ulmus sp.), trautvetter ağcaqayını (Acer trautwetteri), litvinov tozağacı (Betula litwinowii) və s. növlərdən ibarət subalp meşələri yayılmışdır. Aşağı kol yarusu topulqa (Spiraea sp.), ardıc (Juniperus sp.), itburnu (Rosa sp.), böyürtkan (Rubus sp.), quşarmudu (Sorbus sp.), dovşanalması (Cotoneaster sp.) və s. ibarətdir. Ərazinin ot örtüyünü, əsasən, kəpənəkçiçək (Aconitum nasutum , A.orientale), pişikotu (Valeriana alpesiris, V.tiliifolia), nəmgülü (Betonica grandiflora), titrək (Briza media), yumşaqsüpürgə (Calamagrostis phragmitoides), qırtıc (Poa longifolia) təşkil edir. Tozağacı (Betula sp.), əsasən, meşələrin yuxarı sərhədində və çay vadilərində yayılmışdır.

Fauna. Ərazinin faunası qonşu rayonların (Zaqatala, Şəki, Ismayıllı) faunasına oxşardır. Burada 200-ə yaxın onurğalı heyvan növü qeydə alınmışdır.
Kürmük çayı forel balığı - dağ-çayı qızılxallısı (Salmo trutta fario), qıjovçu (AIburnoides bipunctatus eichwaldi),  kür şirbiti (Barbus lacerta cyri), kür xramulyası (Varicorhinus capoeta ) ilə zəngindir.
Amfibilərdən yaşıl və qafqaz quru qurbağası (Pseudopidalea variabilis, Bufo verrucosissimus), Kiçik Asiya qurbağası (Rana macrocnemis), adi ağac qurbağasına (Hyla arborea ) rast gəlinir.
Sürünənlər, əsasən, 12 növ ilə təmsil olunmuşlar. Kərtənkələlər çəmən kərtənkələsi (L.praticola), qafqaz qayalıq kərtənkələsi (Darevskia caucasica), iberiya qayalıq kərtənkələsi (D. rudis), zolaqlı kərtənkələ (Lacerta strigata) v ə s. növlərdir. İlanlardan adi qonurilan (Coronella austriaca), naxışlı təlx ə (E.dione), cənubi qafqaz təlxəsi (E.hohenackeri), adi su ilanı (Natrix natrix) rast gəlinir.
Ərazinin ornitofaunası 11 dəstəyə aid 100-ə yaxın növlə təmsil olunur. Bunlar, əsasən, sar (Buteo buteo), qara, yaşıl ağacdələn (Dryocopus martius, Picus viridis), meşə bayquşcuğu (Otus scops), adi ququ quşu (Cuculus canorus), meşə haçaqanadıdır (Buteo vulpinus), qafqaz tetrası (Lyrurus mlokosiewiczi), qulaqlı bayquş (Asio otus), bozqır çəkçəkisi (Saxicola ruberta), muymulu qızılquş (Falco tinnunculus), ağbaş kərkəs (Gyps fulvus), keçəl qarakərkəs (Aegypius monachus), quzu götürən (Gypaetus barbatus), berkut (Aquila chrysaetos), adi qızılquş (Falco peregrinus) v ə s. növlərdir. Onlardan 60-dan çox növ sərçəkimilər (Passerformes) dəstəsinə aiddir. Rayonda 40-a yaxın məməli növü təsvir edilmişdir. Bunlar, əsasən, cücüyeyənlər (Insectivora), yarasalar (Chiroptera), gəmiricilər (Rodentia), yırtıcılar (Carnivora), cütdırnaqlılar (Artiodactyla) dəstəsinə aid canlılardır. Cücüyeyənlər (Insectivora), əsasən, ağdöş kirpi (Erinaceus concolor), xırda köstəbək (Talpa levantis), ağqarın ağdiş (Crocidura leucodon), kiçik ağdiş (Crocidura suaveolens), şelkovnikov sukutorundan (Neomys schelkovnikovi) ibarətdir. Yarasalar (Chiroptera), əsasən, böyük və kiçik nalburun (Rhinolopus ferrumequinum, R.hipposideros), itiqulaq şəbpərədən (Myotis blythii) ibarətdir. Gəmiricilərdən (Rodentia), əsasən , süleysin (Glis glis), iran sincabı (Sciurus anomalus), kiçik meşə siçanı (Sylvaemus uralensis) geniş yayılmışdır. Yırtıcılar (Carnivora), 14 növ olub əsasən, qonur ayı (Ursus arctos), canavar (Canis lupus), çaqqal (Canis aureus), tülkü (Vulpes vulpes), vaşaq (Lynx lynx), me şə pişiyi (Felis silvestris), gəlincik (Mustela nivalis) və yenotdan (Procyon lotor) ibarətdir. Rayon ərazisində cütdırnaqlılar (Artiodactyla ), əsasən, 5 növ ilə təmsil olunmuşdur: nəcib maral (Cervus elaphus), şərqi qafqaz turu (Capra cylindricornis), cüyür (Capreolus capreolus), köpgər (Rupicarpa rupicarpa), qaban (Sus scrofa).

Əhalisi. Rayon əhalisinin milli tərkibi rəngarongdir. Qax əhalisinin milli tərkibini, əsasən, azərbaycanlılar, ləzgilər, saxurlar, gürcülər, ingiloylar, avarlar, türklər, ruslar, ukraynalılar və s. təşkil edir.

Geoloji təbiət abidələri. Ərazinin əsas geoloji təbiət abidəsi şəlalələrdir. Bunlar Ramrama, Ləkit, Qoç yatağı və Şahverdi şəlalələridir.

Çempion ağaclar. Qax rayonunun iqlim şəraiti nisbətən rütubətlidir. Buna görə də Qax rayonunda daha çox rütubət sevən bitki florası üstünlük təşkil edir. Bura ağac abidələr ilə zəngindir. Qax ağac abidələrinin ən nəhəngi 2000-ci ild ə yıxılmış məşhur «Tasmalı palıdı» olmuşdur. Mütəxəssislərin fikrincə 1300 il yaşı olan bu ağacın altında 20-30 yük maşını dururmu ş. Məhz bu səbəbdən palıdın altı avtobus dayanacağı imiş. Şeyx Şamilin şücaətli müridi və naibi, sonralar isə təqib etdiyi Hacı Muradın basdırıldığı Day kəndi (Tanğıt kəndi) qəbiristanlığında 500 yaşlı qədim ağaclar, Güllük kənd qəbiristanlığında 450-600 illik uzunsaplaq palıdlar vardır.

Arxeoloji abidələri. Əyri çayın sol sahilində m.ə. II minillikdən XIII-XIV əsrlərə qədər dövrlərə aid Ağyazı arxeoloji abidələri yaşayış yerləri və qəbirləri. Dulus kürələri, qədim saxsı qablar, şüşə məmulatı, əmək alətləri, məişət şeyləri, mis və gümüş sikkələr tapılmışdır. Lələli kəndində m .ə. I minillik - Orta Əsrlərə aid Lələli torpaq qalası.

Tarixi-mədəni abidələri . Əmbərçay kəndi yaxınlığınd a I - III əsrlərə aid Kürmük məbədi qalıqları. Qum kəndində Qafqaz Albaniyasında xristianlığın yayıldığı dövrdə yonulmuş kərpicdən və çay daşından tikilmiş, VI əsrə aid xristian məbədi. Əyriçayın Qanıx çayına töküldüyü ərazidə miladın ilk əsrlərindən X IV-XV əsrlərədək həyat davam etmiş Torpaqqala qədim şəhər xarabalığı, Bişmiş kərpicdən hörülmüş qala divarları, yaşayış binalarının qalıqları, gil, saxsı qablar, kərpic bişirilən orijinal kürələr, metal, daş və şüşədən hazırlanmış müxtəlif maddi mədəniyyət nümunələri aşkar edilmişdir. Erkən orta əsrlərə aid təbəqədən Azərbaycanda ilk dəfə şüşə istehsal edən emalatxana üzə çıxarılmışdır. İIisu kəndinin yaxınlığında Şeyx Şamil Qalaçası (XVII-XVIII əsrlər). İIisu kəndində məscid (XVIII əsr). Güllük kəndinin yaxınlığında Pəri qalası (XV-XVI əsrlər), məscid (XVIII əsr). Ləkit kəndində Qafqaz Albaniyasına aid xristian məbədi Ləkit Məbədi  (V I əsr). Kökü Bizans memarlığından gələn məbəd iki mərtəbəli olmuşdur. Çay daşlarından, bişmiş kərpicdən və yerli əhəng daşından tikilmişdir. Ləkit Məbədi Suriyadakı Bosra məbədindən sonra xristian məbədlərinin görkəmli nümayəndəsi sayılır. Onçallı kəndində Hacı Tapdıq məscidi (XVI-XVII əsrlər). Qax baş kəndində Həsənxan qalası (XVIII-XIX əsrlər).