Ağcabədi rayonu print

Ağcabədi rayonu 1930-cu ildə təşkil olunmuşdur. 1963-cü ildə ləğv edilərək Ağdam rayonuna verilmişdir. 1965- ci ildən yenidən müstəqil rayon olmuşdur.
Relyefi. Rayon Kiir-Araz ovalığının Mil və Qarabağ düzlərində yerləşir. Relyefi düzənlikdir. Şimal-şərqdən cənub-qərbə doğru tədricən yüksəlir.
Geoloji quruluşu. Ərazinin səthi Antropogen sisteminin kontinental və dəniz çöküntülərindən təşkil olunmuşdur.
Çayları və su hövzələri. Rayonun çay şəbəkəsi nisbətən seyrəkdir. Şimal - şərq sərhədi ilə Kür çayı, mərkəzi hissədən Qarqarçay axır. Qarqarçay Kiçik Qafqazın Qarabağ silsiləsinin şərq yamacından axan Xəlfəliçay ilə Zarıslıçayın qovuşmasından yaranır. Çayın mənbəyi 2080 m yüksəklikdədir. Onun 11 qolu vardır. Ərazidə şor sulu göllər vardır. Bunlardan ən böyüyünün ümumi sahəsi 3.1 min ha olan Ağgöldür.
Landşaftları və bioloji müxtəlifliyi. İqlimi mülayim-isti və quru subtropikdir. Boz-çəmən, boz və çəmən-boz torpaqlar yayılmışdır. Bitkiləri bozqır və yarımsəhra tiplidir. Kür çayı sahillərində kolluqlar və seyrəlmiş tuqay meşələri vardır.
Ərazinin xarakterik su bitkiləri, əsasən, saçaqotu (Myriophyllum spicatum), suincilosu (Batrachium trichophyllum), sünbüllü suçiçəyi (Potamogeton pectinatus), dəniz nayası (Najas marina) və s.-dən ibarətdir. Meşələrində, əsasən, söyüd (Salix sp.), ağyarpaq qovaq (Populus hybrida), qarağac (Ulmus sp.), tut (Morus sp.), uzunsaplaq palıd (Quercus longipes), saqqızağac (Pistacia mutica) və s. ağac növləri yayılmışdır.
Fauna. Məməliləri ceyran (Gazella subgutturosa), canavar (Canis lupus), qaban (Sus scrofa), çaqqal (Canis aureus), adi tülkü (Vulpes vulpes), qamışlıq pişiyi (Felis chaus), bataqlıq qunduzu (Myocastor coypus), porsuq (Meles meles), boz dovşan (Lepus europaeus), kiçik asiya qum siçanı (Allactaga williamsi) və s. canlılardan ibarətdir. Su hövzələrində 30-a yaxın balıq növünə rast gəlinir. Bunlar qılıncbalıq (Pelecus cultratus), durnabalıq (Esox lucius), qızılüzgəc (Scardinius erythrophthalmus), həşəm (Aspius aspius), lilbalıq (Tinea tinea), çəki (Cyprinus carpio) və s. balıqlardır. Sürünənlərdən xəzər və bataqlıq tısbağaları (Mauremys caspica, Emys orbicularis), adi suilanı və suilanı (Natrix natrix, N. tessellata) yayılmışdır.
Ağcabədi rayonu quşlarla zəngin olub 150-ə yaxın növ ilə təmsil olunmuşdur. Bunlardan 90-dan çox növ yuvalayandır. Ərazinin ornitofaunası, əsasən, turac (Francolinus francolinus), çöl göyərçini (Columba livia), qaraqarın bağrıqara (Pterocles orientalis), qırqovul (Phasianus colchicus), sultantoyuğu (Porphyrio porphyrio), adi fiaminqo (Phoenicopterus ruber), qaraquş (Pandion haliaetus), ərsindimdik (Platalea leucorodia), qarabattaq (Phalacrocorax pygmaeus) və s. quşlardan ibarətdir.
Ağgöl Milli Parkının bir hissəsi və Ağgöl Dövlət Təbiət Yasaqlığı Ağcabədi ərazisinə düşür.
Ağcabədi rayonu ərazisinin bir hissəsi Mil, digər hissəsi isə Qarabağ düzünə aiddir. Mil düzündə yerləşən digər rayonlara nisbətən burada qocaman ağac abidələr çoxdur. Tədqiqat zamanı rayon ərazisində 12 yerdə ağac abidəsi qeydə alınmışdır. Onlardan səkkizi şərq çinarı (Platanus orientalis), biri saqqızağac (Pistacia mutica), ikisi hamar dağdağan (Celtis glabrata) və bir sahədə palıd qarışıq saqqızağaclıq (P. mutica) olmuşdur.
Arxeoloji abidələri. Sarıcalı kəndi yaxınlığında antik dövrə aid Səngərtəpə yaşayış yeri. Poladlı kəndi yaxınlığında Tunc Dövrünə aid Gavurtəpə. Dəmir Dövrünə aid Yolçəkəntəpə, Aşıxlıtəpə kurqanları. Ağcabədi şəhərində Tunc Dövrünə aid Üçtəpə və Şahtəpə kurqanları. Hindarxı kəndində Eneolit və Tunc Dövrlərinə aid Çaqqallıtəpə yaşayış yeri, Qasımtəpə və Hiiseynbəy kurqanları. Boyat kəndi yaxınlığında Eneolit Dövrünə aid Töyrətəpə yaşayış yeri, Tunc Dövrünə aid Boyatqa- la. Arazbar kəndi yaxınlığında m.ə. I minilliyə aid yaşayış yeri. Salmanbəyli kəndi yaxınlığında antik dövrə aid Qaragöbər nekropolu. Tunc Dövrünə aid Üçtəpə yaşayış yeri.
Tarixi-mədəni abidələri. Boyat kəndi yaxınlığında Solaxaytəpə yaşayış yeri. Qaradolaq kəndi yaxınlığında antik dövrə aid Qaratəpə yaşayış yeri. Kəbirli kəndi yaxınlığında orta əsrlərə aid Əmirəhməd yaşayış yeri. Hacılar kəndində qədim qəbiristanlıq. Hindarx qəsəbəsində məscid (1907).