Şəki-Zaqatala iqtisadi - coğrafi bölgəsi print

Şəki-Zaqatala iqtisadi-coğrafi bölgəsi şimaldan Dağıstan Respublikası, qərbdən Gürcüstan Respublikası (Mazım çayı), şərqdən Girdmançay dərəsi, Cənubdan isə Qanıx - Əyriçay çökəkliyi ilə sərhədlənir. Ərazi təbii şəraitinə görə 3 yerə ayrılır: Böyük Qafqazın Cənub yamacı; Qanıx-Həftəran vadisi; Orta Kür dağətəyi (Acınohur və Turud-Sarıca düzənliyi, Şəkinin dağlıq hissəsi) ərazisi. Buraya Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən inzibati rayonları daxildir.
Ərazinin minimal yüksəkliyi 100 m, maksimal hündürlüyü 4466 m olan Bazardüzü dağıdır. Bazardüzü dağı iqtisadi-coğrafi rayonun və Azərbaycanın ən yüksək zirvəsi olmaqla bərabər həmçinin Rusiya Federasiyasının ən cənub nöqtəsi, Dağıstan Muxtar Respublikasının ən yüksək zirvəsidir.

İqlimi. İl ərzindəki günəş parıltısının miqdarı 2200-2400 saatdır. Ən soyuq ayın orta temperaturu baxımından qışın sərtliyi ərazi üçün yumşaq (0; -5 C), çox yumşaq (2.5 - 0 C) və həddən çox yum şaq (5 - 2.5 C) şəraitdə keçir. İsti dövrlərdəki (aprel-oktyabr) mümkün buxarlanma 400-1000 mm tərtibindədir. İyun-sentyabr aylarında quraqlıq keçən günlərin sayı 5-25 gün və az, küləyin orta illik sürəti isə 2 m/san və az olur. İqlim kontinentallığı zəif, mülayim və ona kontinentallıq intervalında səciyyələnir. İl ərzində şaxtasız dövrün davamiyyəti 150-250 gün və daha çox, havanın temperaturunun 0 C - dən aşağı olan günlərin sayı 20-150 olur. Qar örtüyü olan günlərin sayı 20-120 gün ətrafında tərəddüd edir.
Dəniz səviyyəsindon 500-700 m yüksəkliklərə qədər sahələrdə subtropik, yuxarılarda isə mülayim, sərin və soyuq iqiim hakimdir. Düşən yağmurların miqdarına görə Lənkəran-Astara zonasından sonra ikinci yeri tutur. Ərazinin ən quraq yeri Acınohur ətrafı (300-350 mm ), ən rütubətli yerlər (1000-1300 mm) orta və yüksək dağlıq ərazilərdir.