Kürdəmir rayonu print

Kürdəmir rayonu 1930-cu ildə təşkil edilmişdir. Tarixçilər qədim Şirvan şəhərinin burada yerləşdiyini bildirir.
Ərəbqubalı kəndi yaxınlığında orta əsrlərə aid şəhər yeri, ərazidən tapılmış Şirvanşah I Axsitanın (1161-1197) adına kəsilmiş mis pullar, saxsı, metal və şüşə məmulatlar, bu ərazinin orta əsrlərin iri ticarət və sənətkarlıq mərkəzi olduğunu sübut edir.
Relyefi. Relyefi düzənlikdir. Rayon ərazisinin çox hissəsi okean səviyyəsindən aşağıdadır.
Geoloji quruluşu. Antropogenin allüvial, prolüvial və qismən göl-bataqlıq çöküntüləri yayılmışdır.
Çayları və su hövzələri. Rayonun cənub sərhədləri Kür çayı ilə hüdudlanır. Girdiman və Ağsu çaylarının aşağı axınları Kürdəmir ərazisindədir. Girdimançayın mənbəyi Babadağın cənub yamaclarından (2900 m) başlayır. Çayın 4 qolu vardır. Ağsuçay Böyük Qafqaz silsiləsinin Sanbulaq dağının (2268 m) yamaclarında 2100 m yüksəklikdəki külli miqdarda bulaqlardan formalaşır.
Landşaftları və bioloji müxtəlifliyi. Ərazinin iqlimi yayı quraq keçən mülayim-isti yarımsəhra və quru-çöl iqliminə aiddir. Əsasən, boz-çəmən, boz və çəmən-boz, çəmən-bataqlıq, şoran torpaqlar yayılmışdır.
Kür çayı sahillərində tuqay meşələri vardır. Tuqay meşələrində saqqallı qızılağac (Alnus subcordata), müxtəlif söyüd növləri (Salix sp.), ağyarpaq qovaq (Populus hybrida) və s. ağaclara rast gəlinir. Burada kollardan çoxbudaqlı yulğun (Tamarix ramosissima), adi nar (Punica granatum), çaytikanı (Hippophaea rhamnoides), qaratikan (Paliurus spina-christi), amorfa (Amorpha sp.) və s. növlər vardır. Ərazinin yarımsəhra-bozqır çöllərindəki yovşanlı-efemerli bitki formasiyalarında çəlimsiz ilansoğanı (Muscari neglectum), soğan (Allium sp.), iran çirişi (Asparagus persicus), adi quşəppəyi (Capsella pastoris), adi
itotu (Marrubium vulgare), yabanı yerkökü (Daucus carota), adi məryəmnoxudu (Teucrium chamaedrys) və s. bitkilərə rast gəlinir. Sulu və bataqlıq ərazilərdə dəniz liğvəri (Bolboschoenus maritimus), yarpız (Mentha acuatica), yalançı sarmaşıq (Hablitzia tamnoides) və s. bitkilər yayılmışdır. Burada rast gəlinən şanagüllə (Nelumbium caspicum) Azərbaycanın Qırmızı Kitabına salınmışdır.
Fauna. Sürünənlərdən aralıqdənizi tısbağası (Testudo graeca), bataqlıq tısbağası (Emys orbicularis), Levant irigürzəsi (Macrovipera lebetina), qırmızıqarın təlxə (Dolichophis schmidti), qafqaz kələzi (Laudakia caucasica) yayılmışdır. Tuğay meşələri üçün qırqovul (Phasianus colchicus), adi qurqur (Streptopelia turtur), saxsağan (Pica pica), qarabaş vələmirquşu (Emberiza melanocephala), ağ titrəkquyruq (Motacilla alba), abıquş (Cyanisles caeruleus) xarakterikdir. Bozqır və yarımsəhra ərazilərdə çobanaldadan (Burhinus oedicnemus), muymulu qızılquş (Falco tinnunculus), böyük qartal (Aquila clanga) və s. quşlara rast gəlinir. Məməlilər sinfi ərazidə canavar (Canis lupus), adi tülkü (Vulpes vulpes), boz dovşan (Lepus europaeus), porsuq (Meles meles), qamışlıq pişiyi (Felis chaus) ilə təmsil olunmuşdur.