Zərdab rayonu print

Zərdab rayonu 1935-ci ildə təşkil edilmişdir. 1963-cü ildə ləğv edilərək ərazisi Ucar rayonuna verilmiş, 1965-ci ildə yenidən müstəqil rayon olmuşdur.
Relyefi. Rayonun səthi düzənlik olub, əsasən, okean səviyyəsindən aşağıdadır.
Geoloji quruluşu. Antropogen çöküntüləri yayılmışdır.
Çayları və su hövzələri. Əsas çayları Kür və Türyançayın aşağı axını olan Qarasudur.
Landşaftları və bioloji müxtəlifliyi. Ərazinin iqlimi yayı qııraq keçən mülayim isti və qum-çöl iqlimidir.
Boz-çəmən, şoran və şorakətli torpaqlar yayılmışdır. Kür çayı sahillərində ləkə şəklində tuqay meşələri vardır. Tuqay meşələrində müxtəlif söyüd növləri (Salix sp.), ağyarpaq qovaq (Populus hybrida) və s. ağaclara rast gəlinir. Burada kollardan çoxbudaqlı yulğun (Tamarix ramosissima), xəzər iydəsi (Elaeagnus caspica), qaratikan (Paliurus spina-christi) və s. növlər vardır.
Ərazinin yovşanlı yarımsəhra sahələri, əsasən, yovşanlı-efemerli bitkilərdən ibarətdir. Burada qaraşoran (Halocnemum strobilaceum), yovşan (Artemisia sp.), acılıq (Ephedra sp.), atıl-batıl (Zosimia orientalis), enliyarpaq çilədağı (Eremostachys macrophylla), soğan (Allium sp.), biberşteyn göyəyi (Echium biebersteinii), əkin indausu (Eruca sativa), ikirəngli nalotu (Hippocrepis biflora) və s. bitkilərə rast gəlinir.
Fauna. Zərdab rayonu ərazisində sürünənlərdən aralıqdənizi tısbağası (Testudo graeca), Levant irigürzəsi (Macrovipera lebetina), qırmızıqarın təlxə (Dolichophis schmidti), qafqaz kələzi (Laudakia caucasica) yayılmışdır. Tuğay meşələri üçün qırqovul (Phasianus colchicus), adi qurqur (Streptopelia turtur), saxsağan (Pica pica), qarabaş vələmirquşu (Emberiza melanocephala), ağ titrəkquyruq (Motacilla alba), abıquş (Cyanistes caeruleus) xarakterikdir. Bozqır və yarımsəhra ərazilərdə çobanaldadan (Burhinus oedicnemus), muymulu qızılquş (Falco tinnunculus), böyük qartal (Aquila clanga) və s. quşlara rast gəlinir. Məməlilər sinfi ərazidə canavar (Canis lupus), adi tülkü (Vulpes vulpes), boz dovşan (Lepus europaeus), porsuq (Meles meles), qamışlıq pişiyi (Felis chaus) ilə təmsil olunmuşdur. Burada rast gəlinən kəlləşəkilli haf (Manduca atropos) Azərbaycanın Qırmızı Kitabına salınmışdır.