Xocalı rayonu print

Xocalı rayonu 1930-cu ildə təşkil edilmişdir. 1978-ci ilədək Stepanakert, 1991- ci ilədək Əskəran rayonu adlanmışdır. 1991-ci ildən indiki adını almış, 26 fevral 1992-ci ildə ermənilər tərəfindən işğal olunmuşdur.
Relyefi. Səthi, əsasən, dağlıqdır. Ərazinin qərb sərhədi boyu Qarabağ silsiləsi uzanır. Silsilənin Qarabağ və Mil düzlərinə tərəf alçalan şərq yamacları dərin çay dərələri ilə parçalanmış və erozion dağ qolları əmələ gəlmişdir.
Geoloji quruluşu. Ərazidə Yura, Tabaşir, dağarası çökəkliklərdə və dağətəyi düzənliklərdə Antropogen çöküntüləri yayılmışdır.
Çayları və su hövzələri. Əsas çayları olan Qarqar, Badara, Ballıca və s. Kür, qismən Araz hövzələrinə aiddir. Qarqarçay Kiçik Qafqazın Qarabağ silsiləsindəki 2080 m yüksəklikdən formalaşır. Çay suyunu Kürə çatdırmayaraq Ağgöl yaxınlığında qamışlıqda itir.
Landşaftları və bioloji müxtəlifliyi. Qəhvəyi dağ-meşə, dağ-çəmən və çimli dağ-çəmən torpaqları yayılmışdır. İqlimi, əsasən, qışı quraq keçən mülayim-istidir. Yüksək dağlıq ərazilərdə soyuq iqlim üstünlük təşkil edir. Ərazinin təxminən 40%-i meşədir.
Xocalı rayonunda Bədərə çayı hövzəsində 20 ha sahədə fıstıq-palıd meşəsinin altında qırmızı kitaba salman hirkan pırkalı (Ilex hyrcana) kolları bitir. Meşələrində şərq fıstığı (Fagus orientalis), cökə (Tilia sp.), ağcaqayın (Acer sp.) ağaclarına rast gəlinir.
Rayonun ərazisində meşə altında müxtəlif kol cinsləri - fındıq (Corylus avellana), murdarça (Rhamnus sp.), alça (Prunus divaricata), göyəm (Prunus spinosa), gərməşov (Euonymus sp.), yemişan (Crataegus sp.), əzgil (Mespilus germanica), itburnu (Rosa sp.) və s. bitir. Meşələrdə həmçinin vələs (Carpinus sp.), gilas (Cerasus avium), göyrüş (Fraxinus sp.) və palıd (Quercus sp.) növləri yayılmışdır.

Geoloji təbiət abidələri. Xankəndi şəhərindən 19 km şimal-şərqdə, dəniz səviyyəsindən 850 m yüksəklikdəki qayalıqda Xramort kars mağarası. Girişinin eni 7.25 m, hündürlüyü 3 m-dir. Mağara yeraltı suların təsiri ilə tektonik çatların aşınması nəticəsində yaranmışdır. Mağaranın uzunluğu 29 m, sahəsi 47 m2-dır.

Arxeoloji abidələri. Xankəndi şəhəri yaxınlığında Eneolit və Tunc Dövrlərinə aid Xankəndi kurqanları. Kurqanaltı dəfn kameraları dairə formasında olub dayaz xəndəklə əhatələnib. Qəbilə üzvləri sol və ya sağ yanı üstə bükülü, yaxud oturdulmuş, qəbilə başçıları isə arxası üstə uzadılmış vəziyyətdə dəfn olunmuşlar.

Tarixi-mədəni abidələri. Badara kəndində məbəd kompleksi (VII əsr) və orta əsrlərə aid Qırxlar qülləsi. Anabert kəndində Aslan  qalası (IX əsr). Şuşa kəndində alban məbədi (905). Çanaxçı kəndində alban məbədi (1100). Xaşmas kəndində alban məbədi (1100). Xansıx kəndində alban məbədi (1122). Armudlu kəndində alban məbədi (1202). Xocalı şəhərində dairəvi məbəd (1357), türbə (XIV əsr). Əsgəran qalası Əsgəran qəsəbəsində, Qarqar çayının sağ və sol sahillərində Qarabağ xanı Pənahəli Xan tərəfindən tikilmiş, XVIII əsrə aid iki istehkamlı, dördkünc bürclü qala. Çay daşlarından tikilmiş qala divarlarının qalınlığı 2-3 m-dir. Rusiya-İran müharibələri zamanı (1804-1813) rus qoşunlarının düşərgəsi bu qalanın yaxınlığında olmuşdur. Rusiya-İran sülh danışıqları (1810) bu qalada aparılmışdır.