Goranboy rayonu print

İnzibati rayon kimi 1930-cu ildə təşkil edilmişdir. 1938-ci ilədək Goranboy (Goranboy) adlandırılmışdır. Sonradan adı dəyişdirilərək bolşevik - inqilabçı Qasım İsmayılovun şərəfinə adlandırılmışdır. 1963-1965-ci illərdə ləğv edilmiş Yevlax rayonunun bir hissəsi Goranboy rayonunun tərkibində olmuşdur. 1991-ci ildən Şaumyan rayonu (keçmiş Aşağı Ağcakənd) ləğv edilərək ona qatılmış və rayonun keçmiş adı bərpa edilmişdir.
Relyefi. Rayonun Gəncə-Qazax düzənliyinin cənub-şərq kənarında yerləşən şimal ərazisinin səthi, əsasən, düzənlikdir. Şimalda Bozdağ (Gəncə Bozdağı) tirəsinin mərkəzi hissəsi alçaq dağlığı (400-500 m) yerləşir. Cənub hissəsi Kəpəz və Murovdağ silsilələrindən ibarətdir.
Kiçik Qafqazın ən yüksək zirvəsi olan Gamışdağ (3724 m) burada yerləşir. Səthi ayrı-ayrı yerlərdə qobu və dərələrlə kəsilmişdir. Cənub hissəsi (Murovdağ silsiləsinin şimal yamacları) orta və yüksək dağlıq ərazidir.
Geoloji quruluşu. Ərazinin orla hissəsinin dağlıq sahələri Paleogen və Neogen, düzənlikdə isə Antropogen çöküntüləri yayılmışdır. Cənub ərazilərin dağlıq sahələrində Yura-Antropogen mənşəli süxurlar yayılmışdır. Şimal ərazilərin düzənlik hissəsinin iqlimi mülayim isti və quru subtropikdir. Orta hissənin iqlimi nisbətən mülayimdir. Cənub hissənin dağətəyi ərazilərinin iqlimi qışı quraq keçən mülayim-istidir. Dağlıq ərazilərdə isə qışı quraq keçən soyuq iqlim tipi hakimdir. Dünyada yeganə müalicəvi neft yatağı (Naftalan) burada yerləşir.
Çayları və su hövzələri. Əsas çayları İncə, Goran, Buzluq, Kürək, Korçay çaylarıdır. Kürəkçay Kiçik Qafqazın Murovdağ silsiləsinin şimal-şərq hissəsində, Gamışdağın yamaclarında (3100 m) formalaşır. Çayın 12 qolu vardır. Korçay Kürəkçayın sol iri qolu olub, əsasən, yeraltı sularla qidalanır. Korçay yasaqlığının bir hissəsi Korçay hövzəsindədir. Goran çayı öz mənbəyini Kiçik Qafqazın Murovdağ silsiləsinin şimal-şərq hissəsində, Gamışdağın yamaclarından (3100 m) götürür. İncəçay mənbəyini Murovdağın şimal-şərq yamacından - 3100 m yüksəklikdəki bulaqdan götürür.

Landşaftları və bioloji müxtəlifliyi. Goranboy rayonunun inzibati ərazisində Korçay Dövlət Təbiət Yasaqlığı (16 min ha; 1961) yaradılmışdır. Əsas məqsədi Bozdağın təbii landşaftının, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan növlərinin (ceyran, kəklik) qorunub saxlanılmasıdır.
Bitki örtüyü yovşanlı-şoranlı, şoranlı-yovşanlı bitki qruplarından, çay yataqlarının bitki kompleksindən ibarətdir. Ərazidə efemerlər də yaxşı inkişaf edir.
Rayonda meşə örtüyü, əsasən, Qaraçay və Buzluqçayın sağ sahillərində yayılmışdır. Bu meşələrdə, əsasən, qafqaz vələsi (Carpinus caucasica) üstünlük təşkil edir. Kiçik sahələrdə iberiya palıdı (Quercus iberica) və şərq fıstığına (Fagus orientalis) rast gəlinir. Onların tərkibinə bəzən ağcaqayın (Acer sp.), adi göyrüş də (Fraxinus excelsior) qarışır. Meşə altında yemişən (Crataegus sp.), zoğal (Cornus mas), əzgil (Mespilus germanica), armud (Pyrus sp.), zirinc (Berberis sp.) və başqa kollar bitir. Yuxarı dağ-meşə qurşağında şərq palıdı (Q.macranthera), tozağac (Betula pendula) cinsləri yayılmışdır. 1700-2200 m yüksəklikdə subalp çəmənlərində iriçiçək nəmgülü (Betonica grandiflora), andız (Inula sp.), bulaqotu (Veronica gentianoides), canavargiləsi (Daphne glomerata), 2200 metrdən yuxarıda yerləşən alp çəmənliklərində isə cil (Carex tristis), qafqaz zirəsi (Carum caucasicum), alp qırtıcı (Poa alpina), tonqalotu (Bromus variegatus), alp bənövşəsi (Viola alpina), alp xırdaçiçəyi (Erigeron alpina) və b. otlar yayılmışdır.
Aşağı dağ-meşə qurşağında qaratikan (Paliurus spina-christi), dovşanalması (Cotoneaster sp.), doqquzdon (Lonicera sp.), Pallas mıırdarçası (Rhamnus pallasii), topulqa (Spirea sp.), gəvən (Astragalus sp.), ardıc (Juniperus sp.), tək-tək dağdağan (Celtis sp.) bitir. Düzənlik ərazilərdə yovşan (Artemisia sp.) üstünlük edən yarımsəhralar formalaşmışdır. Qaraçayın aşağı axını sahillərində yulğun (Tamarix sp.), nar (Punica granatum), qovaq (Populus sp.), söyüd (Salix sp.), iydə (Elaeagnus sp.), adi qoz (Juglans regia) bitir. Kür çayının sahillərində tuqay meşələrinin qalıqlarına rast gəlinir. Burada ağyarpaq qovaq (Populus hybrida), yulğun (Tamarix sp.), saqqızağac (Pistacia mutica), söyüd (Salix sp.) və b. ağac və kol növlərinə rast gəlinir.
Ərazinin heyvanlar aləmi zəngindir. Burada məməlilərdən ceyran (Gazella subgutturosa), dovşan (Lepus europaeus), adi tülkü (Vulpes vulpes), çaqqal (Canis aureus), canavar (Canis lupus), qonur ayı (Ursus arctos), Qafqaz sincabı (Sciurus anomalus), quşlardan kəklik (Alectoris chukar), turac (Francolinus francolinus) və s. vardır.

Arxeoloji abidələri. Goran stansiyasından 2.5 km şimalda m.ə. I minilliyə aid insan məskənlərinin qalıqları. Goranboy şəhərindən 2 km şimal-şərqdə Tunc Dövrünə aid Qoçtəpə yaşayış yeri.
Tarixi-mədəni abidələri. Goranboy şəhəri yaxınlığında V-VI əsrlərə aid qədim Şatal şəhər-qalası xarabalıqları. Rus Borisi kəndində Aul yaşayış yeri (XI-XIII əsrlər). Qızılhacılı qəsəbəsi yaxınlığında orta əsrlərə aid Təpəyazılan məskəni. Balakürd kəndi yaxınlığında VII-VIII əsrlərə aid «Tosal ocağı» abidəsi.
Xan Qərvənd kəndi yaxınlığında XVIII əsrə aid abidə. Səfikürd kəndində qala (1675) və məscid (XIX əsr). Rəhimli kəndində türbə kompleksi (XVIII-XIX əsrlər), Şatal qalası (XIX əsr), Mirzə Adıgözəl bəy türbəsi (XIX əsr).
Qazanbulaq kəndində orta əsrlərə aid türbələr. Kürəkçay kəndində qala (XIX əsr). Gülüstan kəndində Gülüstan qalası (XII-XVII əsrlər). Sarov kəndində məscid (XIX əsr).