Şəmkir rayonu print

1930-cu ildə təşkil edilmişdir (Şamxor). 1938-ci ilədək Annino adlanırdı. 1991-ci ildən tarixi adı ilə Şəmkir adlanır. Şəmkir Azərbaycanın erkən orta əsrlərdə formalaşmış qədim şəhərlərindəndir. Qədim Şəmkirin xarabalıqları Şəmkirçayın sol sahilindədir. Ərazi zaman-zaman işğala, güclü dağıntılara məruz qalmışdır. Ərəb işğalı dövründə bir müddət xəlifə Mütəvəkkilin (847-861) şərəfinə Mütəvəkkiliyyə adlanmışdır. Ərazi VII-IX əsrlərdə Ərəb Xilafətinin, X-XI əsrlərdə Şəddadilər dövlətinin, XI-XII əsrlərdə Səlcuq İmperiyasının, XII-XV əsrlərdə Monqol imperiyasının tərkibində olmuşdur. XVI əsrin əvvəllərindən Şəmkir Mahalı zülqədər qızılbaş-türk tayfalarının irsi hakimiyyətində olmuşdur. Xanlıqlar dövründə Şəmkir Gəncə xanlığının tərkibində idi. Rusiya-İran müharibələrindən sonra Şəmkir Rusiya İmperiyasına qatıldı. XIX əsrin birinci yarısında Cənubi Qafqaza köçmüş alman kolonistlərinin bir qrupu burada məskunlaşdı. Şəhərin adı Annino oldu.
Relyefi. Rayonun şimal-şərq hissəsini (Kürün sol sahili) Ceyra çöl düzü (Ceyrançöl dağı, 409 m) və Palantökən silsiləsi (Mürsəltəpə dağı, 239 m) tutur. Mərkəzi hissəsini Gəncə-Qazax düzənliyi, cənubunu Kiçik Qafqazın şimal-şərq ətəkləri tutur.
Geoloji quruluşu. Yura, Tabaşir, Neogen və Antropogen çöküntüləri yayılmışdır.
Çayları və su hövzələri. Əsas çayları Kür, Zəyəm, Şəmkir, Cəhridir. Rayon ərazisində 2 su anbarı (Şəmkir və Yenikənd) vardır. Şəmkirçay öz mənbəyini Kiçik Qafqazın Şahdağ silsiləsinin şimal-şərq yamaclarından (3220 m) götürür. On dörd qolu vardır. Cəhriçay Kiçik Qafqazın Şahdağ silsiləsindən (1800 m) başlayır. Üç qolu vardır. Zəyəmçay Kiçik Qafqazın Şahdağ silsiləsində - Şəkərbəyçay ilə Çətindərə çaylarının qovuşmasından yaranır.
Landşaftları və bioloji müxtəlifliyi. Ərazidə qışı quraq keçən mülayim-isti yarımsəhra və qum-çöl iqlimi hakimdir.
Şəmkir rayonunun cənub hissəsi alçaq dağlıq ərazidə, mərkəz hissəsi Gəncə-Qazax düzündə yerləşir. Şimal hissəsi isə Kürün sol sahilində Ceyrançölə aiddir.
Rayonun cənub hissəsində dağ meşələrinə, əsasən, Şəmkirçay hövzəsinin yamaclarında rast gəlinir. Bu meşələrdə iberiya palıdı (Quercus iberica), qafqaz vələsi (Carpinus caucasica), şərq vələsi (C.orientalis), adi göyrüş (Fraxinus excelsior), meşəaltı kollardan əzgil (Mespilus germanica), zoğal (Cornus mas), yemişan (Crataegus sp.) bitir. Şəmkir çayının sol sahillərindəki dik yamaclarda, qayalıqlarda Yuxarı və Aşağı Çaykənd kəndləri yanında ardıc (Juniperus sp.) növlərindən ibarət seyrək ağaclıqlar yayılmışdır.
Alçaq dağlıq zonanın ərazilərində çox yerdə qaratikan (Paliurus spina-christi), topulqa (Spiraea sp.) üstünlük təşkil edir. Doqquzdon (Lonicera sp.), itburnu (Rosa sp.), əzgil (Mespilus germanica), yemişan (Crataegus sp.), palas murdarçası (Rhamnus pallasii), qaramurdarça (Cornus sanguinea) və başqa kollara rast gəlinir.
Rayonun dağətəyi və mərkəzi hissəsində (Gəncə-Qazax düzənliyi) yarımsəhra bitkiləri, əsasən, yovşan (Artemisia sp.) yayılmışdır. Kürqırağı tuqay meşələrində ağyarpaq qovaq (Populus hybrida), söyüd (Salix sp.) üstünlük təşkil edir. Meşəliyin seyrək yerlərində sıx yulğun (Tamarix sp.) kolları bitir.
Ceyrançöl sahəsində bozqır və yarımsəhra tipli bitki qruplaşmaları üstünlük təşkil edir. Tək-tək saqqız ağaca (Pistacia mutica) təsadüf olunur.
Fauna. Burada Azərbaycanın «Qırmızı Kitab»ına daxil olmuş heyvanlardan ceyran (Gazella subgutturosa), qafqaz uları (Теtraogallus caucasicus), turaca (Francolinus francolinus) rast gəlinir. Məməlilərdən boz dovşan (Lepus europaeus), adi tülkü (Vulpes vulpes), çaqqal (Canis aureus), canavar (Canus lupus), yenot (Procyon lotor), quşlardan boz kəklik (Perdix perdix), sarı çaydaçapan (Motacilla flava), adi ağqartal (Neophron percnopterus), ispan sərçəsi (Passer hispaniolensis) və s. vardır. 

Şəmkir rayonunun mərkəzi olan Şəmkir şəhəri çinarlarla zəngindir. Şəhərdə Sabir adına küçədə 93 ədəd, H.Aslanov küçəsində 87 ədəd, mərkəzi küçədə 65 ədəd, üç küçədə cəmi - 245 ədəd şərq çinarı (P.orientalis) mövcuddur.
Çinardan başqa Şəmkir şəhərində 5 ədəd ekzotik bitkilər - daş palıd (Quercus ilex), şəhər parkında 80-100 yaşlı küknar (Picea sp.) və sərv (Cupressus sp.), Çinarlı qəsəbəsindəki parkda sərv, küknar, müxtəlif şam növləri vardır.

Arxeoloji abidələri. ÇənlibeI kəndi yaxınlığında Tunc və Dəmir Dövrlərinə aid Çaxıryolu qalası və arxeoloji abidələr: qədim qəbiristan, siklop tikililər, kurqan və daş qutu qəbirləri qəbiristanı. Yuxarı Seyfəlli kəndi yaxınlığında, Şəmkirçayın sağ sahilində Tunc Dövrü və Orta Əsrlərə aid qəbiristanlıq. Plankənd yaxınlığında Eneolit Dövrünə aid (m.ə. XII-XI əsrlər) Keçili qədim yaşayış yeri. Möhrədən hörülmüş dördkünc bina qalıqları, saxsı qablar, daş alətlər aşkar edilmişdir. Atabəy kəndi yaxınlığında Dəmir Dövrünə aid qalaça.
Tarixi-mədəni abidələri. Muxtariyyət kəndi yaxınlığında Şəmkir qalası (XI əsr). Qədim Şəmkir şəhər xarabalıqları (IX əsr). Şəmkir şəhəri yaxınlığında Koroğlu qalası (XVI əsr). Əliyaqublu kəndində su dəyirmanı (XIX əsr), su elektirik stansiyası (xıx əsr). Şəmkir şəhərində almanların yaşayış binaları (1819). Çinarlı qəsəbəsində almanların yaşayış binaları (1819). Zəyəm qəsəbəsində Basnaya su anbarı (1882). Bayramlı kəndində Baydar şəhər xarabalığı, Baydar ocağı (XVII əsr).