Şahbuz rayonu print

Şahbuz rayonu 1930-cu ildə təşkil olunmuşdur. 1963-cü-ildə ləğv edilərək ərazisi Naxçıvan (1976-cı ildən Babək) rayonuna verilmişdir. 1965-ci ildən yenidən müstəqil rayon olmuşdur. Rayon ərazisində Eneolit, Tunc, Dəmir Dövrlərinə aid yaşayış yerləri aşkar edilmişdir. Tarixi tapıntılar Şahbuz ərazisinin antik dövrlərdə Qafqaz Albaniyasının tərkibində olduğunu sübut edir.
Relyefi. Səthi, əsasən, dağlıq olub Dərələyəz silsiləsinin cənub yamacları və Zəngəzur silsiləsinin qərb yamaclarıdır. Biçənək aşırımı bu ərazidə yerləşir. Rayonun qərb hissəsində Küküdağ silsiləsi, şimal-şərq hissəsində Süsəndağ silsiləsi yerləşir. Rayonun mərkəzi hissəsində Məzrədağ və Qapıdaşqara silsilələri yerləşir.
Geoloji quruluşu. Tabaşir, Neogen çöküntüləri yayılmışdır.
Çayları və su hövzələri. Mineral bulaqlarla (Badamlı, Biçənək, Batabat, Karvansara və s.) zəngindir. Ərazisindən Naxçıvançay və onun qolları olan Cəhri, Salvartı, Kükü, Şahbuz və s. çaylar axır. Naxçıvançay Kiçik Qafqazın Dərələyəz silsiləsinin cənub yamacından axan bulaqların qovuşmasından yaranır. Çayın mənbəyi Keçəldağın yaxınlığındakı 2720 m yüksəklikdədir. Naxçıvançayın 16 qolu vardır. Şahbuz (Şahbulaq) çayı mənbəyini Zəngəzur silsiləsindən götürür.
Ərazi mənzərəli dağ gölləri (Batabat, Salvartı, Qanlıgöl və s.) ilə də zəngindir. Batabat gölü Naxçıvançayın hövzəsində yerləşir. Sahəsi 16 ha-dır. Salvartı dağının yamacında, okean səviyyəsindən 2849 m hündürlükdə Salvartı gölü yerləşir. Gölün uzunluğu 280 m, eni 200 m, sahəsi 3.2 ha-dır. Salvartı çayı bu göldən başlayır. Şahbulaq gölü Sərpidaş dağının ətəyində, Naxçıvançayın hövzəsində, 2400 m yüksəklikdədir. Qanlıgöl Kiiküçayın hövzəsində, Dərələyəz silsiləsinin ətəyində, 2420 m yüksəklikdədir.
Şahbuz Dövlət Təbiət Qoruğu bu rayon ərazisində təşkil edilmişdir.
Landşaftları və bioloji müxtəlifliyi. Yayı quraq keçən soyuq iqlimi vardır. Ərazisindən Naxçıvançay və onun qolları (Salvartı, Kükü, Şahbuz və s.) axır. Qanlıgöl, Batabat və s. gölləri vardır ki, onlardan su anbarı kimi istifadə edilir. Rayon ərazisində əsasən, dağ- çəmən. qəhvəyi dağ-meşə, dağ-tünd-şabalıdı torpaqlar yayılmışdır. Burada bitkiliyin yarımsəhra, dağ-kserofit (friqana), dağ-bozqır, kolluq, çala-çəmən və subasar çəmən, meşə, su-bataqlıq, petrofil (qaya-töküntü), subalp və alp çəmən tipləri yayılmışdır.
Ərazi florasında kox şamı (Pinus kochiana), bataqlıq mürgəkotu (Epipactis palustris), atmilçək qaş səhləbi (Ophrys oestrifera), arıbumn quşsəhləbi (Ophıys apifera), sıxçiçək bellavaliya (Bellevalia pycnantha), bərk sərtdişə (Scleropoa rigida), bott zəravəndi (Aristolochia bottae), tükyarpaq suincilosu (Batrachium trichophyllum), voronov armudu (Pyrus voronovii), zəngəzur armudu (Pyrus zangezura), nizami itburnu (Rosa nisamii), badamlı gəvəni (Astragalus badamliensis), naxçıvan gəvəni (Astragalus nachitschevanicus), dəniz bağayarpağı (Plantago maritima) və s. nadir və endem bitkilər yayılmışdır.
Rayonun faunası üçün xarakterik olan heyvanlara qonur ayı (Ursus arctos), avrasiya vaşaqı (Lynx lynx), meşə pişiyi (Felis silvestris), canavar (Canis lupus), çaqqal (Canis aureus), adi tülkü (Vulpes vulpes), porsuq (Meles meles), meşə dələsi (Martes martes), süleysin (Glis glis), su samuru (Lutra lutra), bezoar keçi (Capra aegagrus), asiya muflonu (Ovis orientalis), qaban (Sus scrofa), boz dovşan (Lepus europaeus), qulaqlı kirpi (Hemiechinus auritus), hind tirəndazı (Hystrix indica), qonur palazqulaq yarasa (Plecotus auritus), dam bayquşu (Asio noctus), xəzər uları (Tefraogallus caspius), dağ kətanquşu (Acanthis flavirostris), kəklik (Alectoris clıukar), böyük və kiçik qayalıq sittası (Sitta tephronota, S.neumayer), adi sığırçın (Sturnus vulgaris), çöl göyərçini (Columba livia), radde gürzəsi (Montivipera Raddei), təlxəlor (Hemorrhois ravergieri, H.plumbers, Platyceps najadum), adi su ilanı (Natrix natrix), qara əqrəb (Androctanus crassicauda), qafqaz solpuqası (böv) (Phagodes Caucasians), Vayxır su anbarında çoxlu balıq növləri və s. daxildir.
Arxeoloji abidələri. Külüs kəndi yaxınlığında Kiilüs qalası (m.ə. II minillik), Tunc və erkən Dəmir Dövrlərinə aid Külüs nekropolu. Aşağı Remişin kəndi yaxınlığında Tunc Dövrünə aid Sarıdərə yaşayış yeri və nekropolları. Şamlar kəndi yaxınlığında Dəmir Dövrünə aid yaşayış yeri. Naxçıvançayın sol sahilində m.ə. I minilliyə aid Qarnıyarıq yaşayış yeri, nekropol. Biçənək kəndindən şərqdə, Batabat yaylağında m.ə. I minilliyin sonlarına aid arxeoloji abidə “Fərhad evi”. Abidə liparid tuf qayada külüng tipli metal alətlə qazılmış dörd otaqdan ibarətdir. Divarlarda kiçik taxçalar qazılmışdır. Birinci otağın sağ küncündə quyu ocaq yeri vardır. Girişin sağ tərəfində qaya üzərində uzun saçlı kişi başı. Solunda qadın rəsmi həkk olunmuşdur. Şahbuz çayı ilə Sirab çayının suayrıcında Quş-qayası dağı (1757 m).
Tarixi - mədəni abidələri. Mahmudoba kəndi yaxınlığında Kəhriz yaşayış yeri (III-VIII əsrlər), orduyurdu yaşayış yeri (VII-VIII əsrlər). Ağbulaq kəndi yaxınlığında Qızıltapılan və Xarabalıq yaşayış yerləri (V-VIII əsrlər). Keçili kəndi yaxınlığında Kolluq yaşayış yeri (V-VII əsrlər). Külüs kəndi yaxınlığında alban məbədi (VI əsr), Şapurqala yaşayış yeri (I-X əsrlər). Nursu kəndi yaxınlığında alban məbədi (VI əsr). Şahbuz şəhəri yaxınlığında Şahpuir qalası (VI əsr), Şahbuz və Şahbuzkənd nekropolları (X-XVI əsrlər). Kolanı kəndi yaxınlığında Kolanı və Quzey nekropolları (X-XV əsrlər). Keçəldağın ətəyində XIV-XVII əsrlərə aid daş sənduqələr və qoç fiqurlarından ibarət iki qəbiristanlıq. Biçənək kəndindən şərqdə körpü (XVI-II əsr). Sələsuz kəndi yaxınlığında körpü (XVIII əsr).