Sədərək rayonu print

Sədərək rayonu ərazisindən aşkar edilmiş arxeoloji abidələr m.ə. IV minilliyə aid edilir. Burada Eneolit, Tunc, antik və orta əsrlərə aid tapıntılar və tarixi abidələr (Şəhər yeri, Ağoğlan piri. Sədərək qalası və s.) Sədərək rayonunun qədim və uzunmüddətli yaşayış və mədəniyyət mərkəzlərindən biri olduğunu sübut edir. Ərazi XVIII əsrin əvvəllərində İrəvan əyalətinin Sədərək Nahiyəsi şəklində Osmanlı imperiyasının tərkibində olmuşdur.
Sədərək rayonu 1990-cı ildə yaradılmışdır. Rayonun inzibati mərkəzi olan Heydərabad azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 75 illik yubileyində onun şərəfinə adlandırılıb.
Sədərək sözünün etimologiyası ilə bağlı bir sıra mülahizələr mövcuddur. Bəzi tədqiqatçılara görə Sədərək farsca "üç dərə" olub buradakı Çanaqçıçay, Cəhənnəmdərə və Bağırsaq dərələrinə işarədir. Digər ehtimala görə bu söz farsca “sed rəng” yəni yüz rəng sözlərindən yaranıb. Bəzi mütəxəssislər isə bu adın ərəbcə “sədər” sözündən yaranıb “düşərgə” mənasını daşıdığını bildirir.
Relyefi. Səthi şimalda və şərqdə dağlıq, Arazboyu ərazilərdə maili düzənlikdir (Sədərək düzü).
Geoloji quruluşu. Dağlıq ərazilərdə Devon, düzənlik ərazilərdə isə Tabaşir çöküntüləri yayılmışdır.
Çayları va su hövzələri. Ərazidən Qaraçay, Çapan çayı və Araz çayı axır.

Landşaftları və bioloji müxtəlifliyi. Quru-kontinental iqlimə malikdir. Yayı isti, qışı soyuq olur. Ərazidə, əsasən, boz torpaqlar yayılmışdır.
Sədərək düzünün Arazyanı hissəsində yeraltı sular səthə yaxın olduğundan subasar çəmən və çala-çəmən, su-bataqlıq, qumlu və şoranlı səhra, aşağı dağlıq qurşaqlarda yarımsəhra, dağ-kserofit (friqana), dağ-bozqır bitkilikləri yaxşı inkişaf etmişdir. Ərazi florasında qəşəng süsən (Iris elegantissima), lessinq kafirotu (Camphorosma lessingii), qırxbuğum cuzğun (Calligonum polygonoides), qarağat rəvəndi (Rheum ribes), adi it xiyarı (Ecballium elaterium), buxingera (Asperuginoides saxillaris), jujuba innabı (Ziziphus jujuba) və s. nadir və endem bitkilər yayılmışdır.
Rayonun faunası üçün xarakterik olan heyvanlara canavar (Canis lupus), çaqqal (Canis aureus), adi tülkü (Vulpes vulpes), bezoar keçi (Capra aegagrus), asiya muflonu (Ovis orientalis), qaban (Sus scrofa), boz dovşan (Lepus europaeus), müxtəlif əqrəb (Andmetanus crassicauda, A.australis) və böv (solpuqa) növləri (Phagodes caucasicus, Gluviopsis nigrocinctus), qayalıq kəkliyi (Alectoris chukar), səhra zəvzəyi (Hippolais languidae), adi sığırçın (Sturnus vulgaris), çöl göyərçini (Columba livia) və s. daxildir.

Geoloji təbiət abidələri. Bulaqbaşı kəndində kəhriz. Sədərək kəndi yaxınlığında Qaraburun adlı ərazidə Sədərək mineral su yatağı. Sədərək kəndi yaxınlığında Əjdaha mağarası. Mağaranın uzunluğu 12 metr, eni 5 metrdir.

Arxeoloji abidələri. Sədərək kəndi yaxınlığında Tunc və Dəmir Dövrlərinə aid qala-şəhər: Sədərək Qalası. Burada 2.5 m enində, 2 m hündürlükdə siklop tipli müdafiə səddi ucaldılmışdır. Səddin cənub-qərb hissəsində eni 5 m olan giriş qapısı vardır. Sədərək kəndi yaxınlığında Eneolit Dövrünə aid yaşayış yeri: Şəhər Yeri. Ucubiz dağının yamacında orta əsrlərə aid “Ağ-atlı oğlan” (Ağ oğlan) piri. Ziyarətgahın ətrafında VII-XI əsrlərə aid qədim yaşayış yeri var.
Tarixi-mədəni abidələri. Sədərək kəndində məscid (XVIII əsr), orta əsrlərə aid qala: Koroğlu qalası. Sədərək kəndi yaxınlığında III-VIII əsrlərə aid yaşayış yeri: Əjdaha mağarası.