Şərur rayonu print

Hələ miladdan əvvəl məskunlaşmış Şərur ərazisi «Kitabi-Dədə Qorqud» boylarında Şəruk kimi hallanır. 1930-cu ildə yaradılan rayon 1964-cü ilədək Noraşen, 1991-ci ilədək İliç adlanmışdır. Rayon mərkəzi (Şərur) Naxçıvan şəhərindən 66 km məsafədə yerləşir.
Relyefi. Səthi şimalda və şərqdə dağlıq, Arazboyu hissədə Şərur, Qarabağlar, Kəngərli, Sərdar və Tənənəm düzü kimi maili düzənliklərdən ibarətdir. Dərələyəz silsiləsi əsas yer tutur. Ən yüksək nöqtəsi Dərələyəz silsiləsinin Qalınqaya dağıdır (2775 m).
Geoloji quruluşu. Düzənlik və dağətəyi hissədə, əsasən, Antropogen, dağlıq hissədə Devon, Perm, Trias, Tabaşir çöküntüləri yayılmışdır.
Çayları və su hövzələri. Əsas çayları Arpaçay və Qaradərə çaylarıdır. Ərazi bulaqlarla zəngindir (Xanbulaq, Ağbulaq, Qarapir bulağı və s.).
Landşaftları və bioloji müxtəlifliyi. Ərazidə yayı quraq keçən soyuq yarımsəhra, quru çöl və yayı quraq keçən soyuq iqlim yayılmışdır.
Rayon ərazisində boz və çəmən-boz, şorəkətvarı boz-qonur, dağ- şabalıdı və qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. Bitkiliyi əsasən, səhra, yarımsəhra (yovşan, şoranotu və s.), dağ-kserofit (friqana), dağ-bozqır, seyrək arid meşələrindən ibarətdir. Ərazi florasında paradoksal süsən (Iris paradoxa), uzunsütunlu ilansoğanı (Muscari longipes), Nordman danaayağı (Arum nordmannii), Araz tıs-tısı (Acantholimon araxanum), irqa (Amelanchier ovalis), saqqızağac (Pistacia mutica), uzunçiçək kentrantus (Centranthus longiflorus) və s. nadir və endemik bitkilər yayılmışdır.
Rayonun faunası üçün xarakterik olan heyvanlara canavar (Canis lupus), çaqqal (Canis aureus), tülkü (Vulpes vulpes), bezoar keçi (Capra aegagrus), Asiya muflonu (Ovis orientalis), qaban (Sus scrofa), boz dovşan (Lepus europaeus), daşlıq dələsi (Martes foina), çöl siçanı (Microtus arvalis), hörümçəkkimilərdən qara əqrəb (Androetanus crassicauda), qafqaz bövü (solpuqası) (Phagodes caucasicus) və s. daxildir. Quşlardan adi sığırçın (Sturnus vulgaris), kəklik (Alectoris chukar), çöl göyərçini (Columba livia), səhra zəvzəyi (Hippolais languidae), qaraqarın bağrıqara (Pterocles orientalis) və s. vardır.

Geoloji təbiət abidələri. Yuxarı Yaycı kəndi yaxınlığında, okean səviyyəsindən 1560 m yüksəklikdə üçbucaqşəkilli Xizəngi mağara. Mağaranın eni 18 m, uzunluğu 14 m, ümumi sahəsi 246.4 m2-dir.
Çempion ağaları. Şərur rayonunun kəndlər və rayon mərkəzinin səciyyəvi ağacı sıxyarpaq qarağacdır (Ulmus densa). Yerli əhali bu ağacı nalbənd adlandırır. Akademik V. Tutayuk Axura kənd məktəbinin yanında 600 yaşlı. Qahab və Naxış Nərgiz kəndlərində 200-400 yaşlı nalbəndin, 300 yaşlı iri ağ tut ağacının olduğunu qeyd edir. Bu ağacın nalbənd adlandırılmasının maraqlı tarixçəsi vardır. “Nalbənd" sözü atların ayaqlarına nal vurma proseduru ilə bağlıdır. Əvvəllər ata nal vuran ustalar bu ağacların kölgəsində yolçuların yük heyvanlarını nallayar və ya nallarını dəyişərmiş.
Arxeoloji abidələri. Axura kəndi yaxınlığında Dəmir Dövrünə aid Axura nekropolu, Albantopo yaşayış yeri. Albantəpə nekropolu. Yurdçu kəndi yaxınlığında Dəmir Dövrünə aid Babatəpə yaşayış yeri. Tənənəm kəndi yaxınlığında Tunc və Erkən Dəmir Dövrlərinə aid Cənnətqaya yaşayış yeri. Oğlanqala kəndi yaxınlığında m.ə. II-I minilliklərə aid Oğlanqala yaşayış yeri, siklop tikili qala. Siklop tikililər. Əsasən, iri və yonulmamış qaya parçalarından, bərkidici məhlul işlədilmədən hörülmüş müdafiə qalalarıdır. Bu tikililər meqalit abidələrə aid edilir. İri daş bloklarından hörülmüş bu qalalar blokların iriliyi (1.5x2.0x1.0m), divarlarının çox böyük qalınlığı ilə seçilir. Onların 2-3 cərgəli divarları bir-birindən 10-15 m aralı olub paralel cərgələr şəklindədir. Sarıbulaq yurd yeri yaxınlığında antik dövrlərə aid qədim yaşayış yeri, nekropollar.
Tarixi-mədəni abidələri. Arpaçay üzərində körpü (XVIII əsr), Qarabağlar kəndində türbə, qoşa minarə və dini binanın qalıqları (XIV əsr). Minarələri birləşdirən baştağın üzərində Elxani hökmdarı Hülaku xanın arvadı Quti xatunun (Qutuy xatun) adı yazıldığından, onun Quti xatunun şərəfinə tikildiyi güman edilir. Sərdabə və yerüstü hissədən ibarət türbə 12 yanmsilindrik çıxıntı formasındadır. Çıxıntılar türbəyə xüsusi əzəmət verir. Türbənin səthi qırmızı və firuzəyi kaşılı kərpiclə örtülmüş, həndəsi omamenti xatırladan kitabələrlə bəzədilmişdir. Ulya-Noraşen kəndində qala divarları və 3 ədəd bürc (XVI əsr). Parçı (Xanlıqlar) kəndində orta əsrlərə aid Parçı imamzadəsi. Yerli əhali buranı “Şahzadə ibrahim ibn Musa imamzadəsi” adlandırır. Ziyarətgahda yeddinci imam Musa əl-Kazımın oğlu İbrahimin dəfn olunduğu ehtimal olunur.