Gəncə-Qazax iqtisadi - coğrafi bölgəsi print

Respublikanın qərbində yerləşən Gəncə-Qazax iqtisadi-coğrafi bölgəsinin tərkibinə Goranboy, Samux, Göygöl, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Daşkəsən, Gədəbəy, Naftalan, Gəncə inzibati rayonları daxildir. Sahəsi 12.3 min km2 olan bu ərazidə 9 şəhər, 16 şəhər tipli qəsəbə, 3 qəsəbə vardır.
Relyefi, əsasən, dağlıqdır (Kiçik Qafqazın şimal-şərq hissəsi, Ceyrançöl, Gəncə Bozdağı silsiləsinin qərb hissəsi və s.). Kür çayının sağ sahili boyunca Gəncə-Qazax düzənliyi uzanır. Şimal-qərbdə Qarayazı düzü yerləşir. Ən hündür zirvələri Gamış (3724 m) və Hinaldağdır (3367 m).
Yura-Antropogen sistemlərinin çöküntüləri yayılmışdır.
Əsas çayları Kür və onun qolları olan Ağstafaçay, Axıncaçay, Şəmkirçay, Gəncəçay və s. çaylardır. Ərazidə bir sıra su anbarları mövcuddur. Mingəçevir su anbarının qərb hissəsi bu əraziyə aiddir. Dağ gölləri Göy-göl, Maral-göl və s. Torpaq örtüyü şabalıdı, qəhvəyi və qonur dağ-meşə, çimli dağ-çəmən və s. toıpaq tiplərindən ibarətdir.

Bitki örtüyü, heyvanlar aləmi. Yarımsəhra və quru bozqır bitkiləri üstünlük təşkil edir. Meşələrin ümumi sahəsi keçən əsrin 80-ci illərində 131 min ha idi. Subalp və alp çəmənliklərindən yay otlağı kimi, Ceyrançöl və Qarayazı düzündən isə qış otlağı kimi istifadə edilir. Kür çayında külmə (Rutilus rutilus caspicus), durna balığı (Esox lucius), kür xramulyası (Varicorhinus capoeta), kür şirbiti (Barbus lacerta cyri), qıjovçu (Alburnoides bipunctatus eichwaldi), kür şəmayisi (Chalcalburnus clıalcoides), həşəm (Aspius aspius taeniatus), kütüm (ziyad) (Rutilus frisii kutum) balıqları geniş yayılmışdır.

İqlimi. İl ərzindəki günəş parıltısının miqdarı 2000-2400 saatdır. Ən soyuq ayın orta temperaturu baxımından qışın sərtliyi ərazi üçün çox yumşaq (2.5-0° C), yumşaq (0; -5° C), mülayim (-5; -10°C), mülayim-soyuq (-10; -15° C) şəraitdə keçir, isti dövrlərdəki (aprel-oktyabr) mümkün buxarlanma 200-1000 mm tərtibindədir (ən aşağı göstəricilər Daşkəsən və Gədəbəydə 400-600, ən yuxarı göstərici isə Samuxda 1000 olur). İyun-sentyabr aylarında quraqlıq keçən günlərin sayı 5-25 gün və az olur. Küləyin orta illik sürəti 2 m/san və daha az olur. İqlim kontinentallığı zəif (130-dan az), mülayim (165-ə qədər əmsalla) və orta (205-ə qədər əmsalla) kontinentallıq intervalında səciyyələnir. İl ərzində şaxtasız dövrün davamiyyəti 100-225 gün, havanın temperaturunun 0° C-dən aşağı olan günlərin sayı isə ərazi üzrə 10-150 gün intervalında olub Goranboy, Şəmkir, Tovuz, Ağstafa və Qazaxda 10-50, Naftalan və Samuxda 10-20, Gəncə və Göygölda 20- 50, Daşkəsən və Gədəbəydə isə 50-150 gün təşkil edir. İI ərzində qar örtüyü olan günlərin sayı ərazinin əksər rayonlarında 10-40 və az gün təşkil etdiyi halda Daşkəsən və Gədəbəydə bu göstərici 40-160 günə çatır.