WHAT IS BIODIVERSITY? print

Biomüxtəliflik “bioloji” və “müxtəliflik” sözlərinin qısaldılmış formasından yaranmışdır. Biomüxtəliflik,Yer üzərində olan həyatın növ müxtəlifliyinin hamısına (bitkilər, heyvanlar, göbələklər və mikro-orqanizmlər) həmçinin, onların formalaşdırdığı icmalara və yaşadıqları yaşayış mühitlərinə aiddir.
Bioloji Müxtəliflik haqqında Konvensiyanın 2-ci maddəsində biomüxtəlifliyin rəsmi tərifi verilir: “bioloji müxtəliflik bütün mənbələrdə əmələ gələn canlı orqanizmlərin rəngarəngliyi, o cümlədən onların bir hissəsi olduqları yerüstü, dəniz və digər ekosistemlər və ekoloji komplekslər və s. deməkdir; bu məfhum növ çərçivəsində, növlər arasında müxtəlifliyi və ekosistemlərin müxtəlifliyini ehtiva edir”.

 

Biomüxtəliflik yalnız bütün ekosistemlərin, növlərin və genetik materialın toplusundan ibarət deyil. O, daha çox onların daxilində və arasında olan müxtəlifliyi ifadə edir. Bu, ekosistemlərin maddi komponentlərinə aid olan “bioloji resurslar” ifadəsindən fərqlidir. Bioloji resurslar həqiqi varlıqlardır (xüsusi quş növləri, tarlada yetişdirilən buğda növü, palıd ağacı, və s.), bioloji müxtəliflik isə daha çox həyatın atributudur (quş növlərinin dəyişkənliyi, dünya üzrə buğdanın genetik dəyişkənliyi, meşələrin növləri, və s.).

 

Bioloji müxtəliflik çox vaxt üç səviyyədə başa düşülür:

 

növlərin müxtəlifliyi palma ağacları, fillər və bakteriya daxil olmaqla, fərqli növlərin (bitkilər, heyvanlar, göbələklər və mikro-orqanizmlər) müxtəlifliyinə aiddir.
genetik müxtəliflik bitkilər, heyvanlar, göbələklər və mikro-orqanizmlərin tərkibində olan genlərin müxtəlifliyinə uyğundur. Bu, növlər daxilində, həmçinin, növlər arasında baş verir. Məsələn, pudellər, Alman çoban itləri və qızıl ov itləri hamısı it növləridir, lakin onların hamısı fərqli görünür.
ekosistem müxtəlifliyi tropik və ya mülayim meşələr, isti və soyuq səhralar, bataqlıqlar, çaylar, dağlar, mərcan rifləri, və s. kimi mövcud olan - bütün müxtəlif yaşayış məskənlərinə - və ya yerlərinə aiddir. Hər ekosistem bitkilər və heyvanlar kimi biotik (canlı) komponentlərlə, günəş işığı, hava, su, minerallar və qidalar daxil olan abiotik (cansız) komponentlər arasında olan bir sıra mürəkkəb əlaqələrə uyğundur.