Cins: Papaver - Lalə və ya xaş-xaş print

Şimal yarımkürəsinin mülayim iqlimli ölkələrində 100-dən çox növü yayılmışdır. Azərbaycanda əksər rayonlarda 24 növə rast gəlinir. Onlardan biri – tiryək xaşxaşı mədəni əkin halında təsadüf olunur və bəzi yerlərdə yabanılaşır. Lalə növləri Azərbaycanda yuxarı dağ qurşağınadək quru-daşlı yamaclarda, gilli torpaqlı yerlərdə,  alaq bitkiləri arasında, əkin sahələrində yayılmışlar. Talış laləsi və şelkovnikov laləsi növləri Azərbaycandan təsvir olunmuşdur.

Lalə cinsinin növləri birillik, ikiillik və ya çoxillik otlardır. Yarpaqları lələkbölümlüdür. Yarpaq, gövdə və qutucuqlarında süd şirəli boruları vardır. Çiçəkləri gövdənin ucunda tək yerləşir. Kasa yarpaqları 2 ədəd olub, çiçək açılanda tökülür. Ləçəkləri 4 ədəddir, hərəsində 2 ləçək olmaqla 2 dairədə yerləşir, qırmızı, çəhrayı və ya ağ rənglidir, bəzən qaidə hissəsində qara ləkə olur. Bəzi növlərində, xüsusən çiçəkli bitki kimi becərilən çeşidlərində erkəkciklərin tozluğunu itirərək enliləşməsi hesabına ləçəklərin sayı artır. Erkəkcikləri çoxdur, dairələrdə düzülür, erkəkciyin sapı və tozluğu bənövşəyi, qara və ya sarı rəngli olur. Dişiciyi adətən, 4-10 və ya daha çox meyvə yarpağından təşkil olunur. Yumurtalığı üst, ağızcığı oturaq, şüaşəkilli bölümlüdür. Qutucuğu çoxtoxumludur, yuxarısında deşiklərlə açılır.

Lalə cinsindən olan xaşxaşın (Papaver somniferum) toxumları çörək üzərinə səpilir və qənnadı sənayesində işlədilir. Kal qutucuqlarından alınan süd şirəsindən  isə tiryək hazırlanır. Tiryəyin tərkibində dərman kimi işlədilən bir sıra (papaverin, morfin, kodein və s.) alkoloidlər vardır.