Fəsilə: Orchidaceae - Səhləbçiçəklilər print

Birləpəlilər sinfində ən iri fəsilələrdən biri olub, 750 cins üzrə 20.000-25.000 növü əhatə edir (bəzi başqa məlumatlara görə 800 cins üzrə 35.000 növ). Bu fəsilənin nümayəndələrinə təbiət öz gözəlliyini və rəngarəngliyini əsirgəməmişdir. Azərbaycanda xarı bülbül adı ilə məşhur olan bitki də bu fəsilədəndir. Səhləblər demək olar ki, kosmopolitdirlər və dünyanın əksər vilayətlərində rast gəlinir. Lakin ən çox növ zənginliyi tropik qurşaqdadır (xüsusən, tropik Amerika və Cənub-Şərqi Asiyada). Tropik Amerikada 306 cins üzrə 8266 növ, tropik Asiyada 250 cins üzrə 6800 növ səhləb yayılmışdır. Bu fəsilədə ayrı-ayrı regionlar üçün endem cins və növlər də çoxdur. Ən çox endemlər Afrika və Madaqaskarda, Avstraliya və Yeni Qvineyadadır. Mülayim qurşaqda səhləbkimilər nisbətən azdır. Bütün Avropada cəmi 120 növ yayılmışdır. Dünyada səhləb növlərinə ən müxtəlif bitmə şəraitində rast gəlinir. Onlar arasında lianlar və epifitlər də vardır.
Səhləblər həşəratla tozlanma sayəsində çiçəyinin quruluşunda ciddi şəkildə təkamül etmiş qruplardandır. Çiçək üzvlərinin sayı və forması burada müxtəlifdir. Səhləblər kökümsovlu və ya kök yumruları əmələ gətirən çoxillik bitkilərdir. Yumruları bütöv və ya 2-3 barmaqvari bölümlü olur. Azərbaycanda rast gəlinən növlərin hamısı torpaqda bitən növlərdir. Səhləblərin əksəriyyəti avtotrof, bəzi növləri isə saprofit bitkilərdir. Əksər səhləblər göbələklərlə simbioz həyat şəraitində yaşayırlar. Göbələklər bunların köklərində yayılaraq endotrof mikoriza əmələ gətirir.
Yarpaqları tam kənarlıdır, gövdə üzərində əsasən, növbəli düzülür, saplaqsızdır, qaidəsində qın əmələ gətirir və ya gövdəni qucaqlayır. Yarpağın ayası lansetşəkilli, xətvari, ellipsəbənzər və s. olur. Saprofit növlərdə yaşıl yarpaqlar olmur və yarpaq pulcuq şəklini alır. Çiçəkləri sünbül, salxım kimi çiçək qrupuna yığılır və ya tək-tək yerləşir, ziqomorf, ikicinslidir, 3 üzvlüdür. Çiçəkyanlığı sadə tacvaridir, üçər olmaqla 2 dairədə yerləşmiş 6 yarpaqdan təşkil olunmuşdur. Xarici dairədə yerləşən yarpaqlar sərbəstdir, çox vaxt eyni böyüklükdədir. Daxili dairədə olan çiçəkyanlığı yarpaqlarından arxadakı yan tərəfdəkilərə nisbətən iridir və dodaq adlanır. Adətən, dodağın qaidəsində çuxur və ya mahmız olur. Səhləblərdə erkəkciklərin sayı azalmış və ya reduksiyaya uğramışdır. Azərbaycanda rast gəlinən növləri əsasən 1 erkəkcikli, bəzən 2 erkəkcikli olur. Əksər növlərdə isə tozluqlar öz aralarında bitişir və pollini adlanır. Pollinilər ayaqcıq üzərində yerləşir, ayaqcıq aşağı hissəsində yapışqanlı yastıqcıqla nəhayətlənir. Pollini, 1 ayaqcıq və yapışqanlı yastıqcıq birgə pollinari adlanır. Dişiciyi 3 meyvə yarpağının bitişməsindən əmələ gəlmişdir, yumurtalığı alt vəziyyətdə yerləşir.
Səhləbkimilərin çoxu bəzək bitkiləridir. Bu fəsilədən olan Vanilla planifolia növündən vanilin alınır ki, ondan qənnadı sənayesində istifadə olunur. Bəzi səhləblər dərman bitkiləridir.
Səhləblərdən Azərbaycanda 20 cins üzrə 47 növə təsadüf edilir. Onlara əksər rayonlarda yuxarı dağ qurşağına qədər meşələrdə, otluqlarda, rütubətli kölgəli yerlərdə, otlu yamaclarda, qayaların arasında rast gəlinir.
Fəsilənin cinslərə ayrılmasında kökümsovun, yarpaq ayasının forması, çiçəyin dodaq hissəsinin forması, vəziyyəti, mahmızın olması, pollini və pollinarinin əlamətləri əsas götürülür. Səhləblərin çoxalma biologiyası, xüsusən tozlanma və mayalanma mexanizmi çox mürəkkəb olduğundan tam öyrənilməmişdir.

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. Aydın Əsgərov. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press, 2016. - 444 s.