Fəsilə: Juncaceae - Cığkimilər print

Dünyanın mülayim və soyuq iqlimli ölkələrində yayılan 10 cins üzrə 400-dən çox növü əhatə edir. Fəsilənin nümayəndələri çoxillik, bəzən birillik, kökümsovlu ot bitkiləridir, görünüşcə taxıllara oxşayır. Yarpaqları xətvari, qaidəsində qın əmələ gətirəndir. Çiçəkləri xırda, ikicinsli olub, başcıq, süpürgə və qalxanabənzər çiçək qrupuna yığılır. Çiçəkyanlığı kasavaridir, 6 ədəd zarvari və ya dərivari yarpaqdan təşkil olunub. Erkəkcikləri 6, bəzən 3, dişiciyinin ağızcığı isə 3 ədəd olub, sapvaridir. Yumurtalıq üstdür, adətən 3 yuvalıdır. Meyvəsi qutucuqdur, çoxsaylı yaxud 3 ədəd toxumu vardır. Azərbaycanda 2 cinsə aid 31 növü məlumdur. Cinslər bir-birindən meyvənin çoxtoxumlu və ya 3 toxumlu olması, eləcə də yarpaq və qının əlamətləri ilə fərqləndirilir.

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. Aydın Əsgərov. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press, 2016. - 444 s.