Fəsilə: Cyperaceae - Cilçiçəklilər print

Birləpəlilər içərisində ən iri fəsilələrdən biridir. Yer üzərində demək olar ki, hər yerdə geniş yayılan 100 cins üzrə 4000 növü əhatə edir. Əksər növləri hidrofit bitkilər olub, rütubətli, sucaq yerlərdə bitir. Bəzi cinslərin növləri (cil, tüklücə növləri) mülayim və soyuq iqlimli ölkələr, digərləri isə (məsələn, salaməleyküm növləri) subtropik ölkələr üçün səciyyəvidir.

Əksər cillər kökümsovlu çoxillik, az bir qismi birillikdirlər. Gövdələri əksərən üçküncdür. Yarpaqları gövdənin aşağısında yerləşib, yastı, bəzən boruvaridir. Küləklə tozlanan bitkilərdir. Çiçəkləri xırda olub, bir və ya ikicinslidir, başcıq, süpürgə, çətir və ya sünbül çiçək qruplarına toplanır. Çiçəkyanlığı, adətən, pulcuqşəkilli, 1-6 saydadır. Erkəkcikləri 3, bəzən 2, yumurtalığı üstdür, 1 yuvalıdır. Meyvəsi üçkünc və ya girdəşəkilli fındıqcadır.

Bütövlükdə Azərbaycanın təbii bitki örtüyündə fəsilənin 17 cins üzrə 110 növü qeydə alınmışdır.

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. Aydın Əsgərov. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press, 2016. - 444 s.