Fəsilə: Ranunculaceae - Qaymaqçiçəklilər print

Əsasən iqlimi mülayim ölkələrdə yayılan çoxillik, birillik, bəzən kol və ya lian bitkiləridir. Dünyada 50 cins üzrə 2000-dən çox növü vardır. Morfoloji baxımdan çiçək yatağının qabarıq, çiçək üzvləri sayının çox olması və onların spiral şəkildə düzülməsi ilə səciyyələnir. Çiçəkləri müntəzəm, ali qruplarda isə qeyri-müntəzəmdir və bu halda nektarlıq inkişaf etmişdir. Çiçəkyanlığı sadə və ikiqat olur. Meyvələri çalov, toxumca, bəzi növlərdə giləmeyvə və fındıqca tiplidir.
Fəsilənin bir çox növləri dekorativ bitkilərdir və çiçəkçilikdə istifadə olunur. Həmçinin qaymaqçiçəklilər arasında çox sayda dərman, boya bitkiləri vardır. Bir çox növlərinin tərkibində alkoloidlər olduğu üçün zəhərlidirlər. Azərbaycanda müxtəlif ekoloji-coğrafi şəraitdə və bütün rayonlarda yayılan 23 cins üzrə 97-dən çox növü vardır.

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. Aydın Əsgərov. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press, 2016. - 444 s.