Fəsilə: Papaveraceae - Xaş-xaşçiçəklilər print

Fəsilə 45 cins üzrə 700-dən çox növü əhatə edir. Ən çox növlər mahmızlalə (100 növ) və lalə (100 növ) cinslərindədir. Əsasən, Şimal yarımkürəsinin iqlimi mülayim ölkələrində yayılmışlar.
Fəsilənin nümayəndələri birillik və ya çoxillik ot bitkiləridir. Yarpaqları növbəli, qarşılıqlı və ya dəstələrlə yerləşir. Yarpaqlarının ayası, adətən, bir neçə qat bölümlüdür və ya bəzi növlərdə yarpaq tam ayalıdır. Yarpaq altlıqları olmur. Yarpaq və gövdələrində ağ və ya narıncı rəngli süd şirəsi daşıyan boruları olur. Bəzi nümayəndələrində, məsələn, dəlitərə, şahtərə növlərində süd şirəsi olmur.
Çiçəkləri iridir, gövdənin ucunda tək yerləşir (çöl laləsində) və ya xırdadır, salxımlara toplanır (şahtərədə), müntəzəmdir və ya ziqomorfdur. Çiçək üzvləri dairəvi düzülür. Kasa yarpaqları əksərən 2 ədəd olub, tez töküləndir. Ləçəkləri əksərən 4, bəzən 5-6, erkəkcikləri çox, bəzən 2-4 ədəd olur. Dişicik 2 və ya çox meyvə yarpağından təşkil olunur. Yumurtalığı üst vəziyyətdədir, 1 yuvalı və ya yalançı arakəsmələrlə bölünərək çoxyuvalıdır. Yumurtalıqlarının sayı əksərən çoxdur. Sütuncuqları birdir və ya ağızcığı oturaqdır. Meyvələri qutucuq və ya fındıqca olur. Əksəriyyət növlərinin çiçəklərində nektar yoxdur. Həşəratı, iri əlvan çiçəkləri və tozcuqları cəlb edir. Xaşxaşkimilərin Azərbaycanda 7 cins üzrə 46 növü vardır.

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. Aydın Əsgərov. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press, 2016. - 444 s.