Fəsilə: Chenopodiaceae - Tərəçiçəklilər print

Tərəçiçəklilər fəsiləsi 1400-ə qədər növü əhatə edir. Fəsilənin nümayəndələri əsasən, quru iqlimli səhra və yarımsəhralarda, dəniz və okeanların sahilində yayılmışdır. Bir sıra duzluca (Salicornia), qaraşoran (Halocnemum), çərən (Suaeda), şorangə (Salsola) növləri halofit bitkilərdir, şorakət torpaqlarda yayılır.
Tərəçiçəklilər fəsiləsindən Azərbaycanda 33 cinsə aid 110 növ var. 2 növə (çuğundur və ispanağa) becərilən şəkildə təsadüf olunur. Fəsilənin yabanı bitən növləri Kür-Araz ovalığında, xüsusən şoran və şorakət torpaqlarda daha çox təsadüf olunur. Bir sıra növləri (Salsola, Petrosimonia, Halocnemum, Kochia) qışlaqlarda bitki örtüyünü təşkil edən əsas bitkilərdəndir. Bundan əlavə, tərəçiçəklilər fəsiləsinin nümayəndələri Xəzər sahili boyunca şoran yerlərdə, qumsal torpaqlarda, bəzi növləri gilli yamaclarda, alaq bitkisi kimi əkinlərdə, yolların və yaşayış məntəqələrinin ətrafında yayılır.
Fəsilənin nümayəndələri birillik, çoxillik ot və ya kol bitkiləridir. Yarpaqları sadədir, növbəli və ya qarşılıqlı düzülür, yarpaq altlıqları olmur. Bir çox növlərində yarpaqları, bəzən hətta budaqları da lətləşmiş olur. Bir sıra növlərində yarpaqlar inkişaf etmir və ya yarpaqlar daralaraq tikanabənzər sivriləşmişdir. Çox növlərinin üzəri mum ərpi və ya tüklərlə örtülür və bitki bozumtul-yaşıl rəngli olur. Çiçəkləri xırdadır, adətən, sıx yerləşmiş dixazilərdən təşkil olunmuş yumaqcıq çiçək qruplarında və ya sünbül, süpürgə tipli çiçək qrupuna toplanır. Bəzən çiçəkləri yarpaqların qoltuğunda yerləşir. Bunlarda çiçək əsas etibarilə müntəzəm, ikicinsli olmaqla 5 üzvlüdür, çiçəkyanlığı kasavarıdır. Bununla bərabər, ayrı-ayrı növlərdə çiçəyin quruluşu xeyli dəyişkənliyə uğramışdır. Belə ki, bəzən çiçək bircinsli, bitki bir və ya ikievli olur. Çiçəkyanlığı sərbəst və ya bitişikdir. Bəzi növlərdə çiçəkyanlığı yoxdur. Erkəkcikləri 1-5-dir, dişicikləri 2-5 meyvə yarpağından əmələ gəlmişdir. Yumurtalığı üstdür, biryuvalıdır. Meyvəsi fındıqçadır və ya giləmeyvəyə bənzəyir, bəzi növlərdə hamaşmeyvə əmələ gəlir. Çiçəkyanlığı yarpaqları bəzən meyvələrin yanında qalır və onun küləklə yayılmasına kömək edir. Toxumunda rüşeym həlqəyə və ya nalabənzər əyilmişdir və ya bəzi növlərdə (məsələn, Salsola, Anabasis növlərində) spiralabənzər burulmuşdur. Tərəçiçəklilər əksərən küləklə tozlanan bitkilərdir. Bəzi növləri isə entomofil bitkilərdir. Belə növlərin çiçəklərində nektarlıq olur və ya tozluqlarının yanında həşəratın qidalandığı ağ, qırmızı və ya sarı rəngli əlavələr əmələ gəlir.

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. Aydın Əsgərov. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press, 2016. - 444 s.