Fəsilə: Salicaceae - Söyüdçiçəklilər print

Dünyanın mülayim və soyuq iqlimli ölkələrində yayılan 3 cins üzrə 700-ə yaxın növü vardır. Azərbaycanda 2 cins (Salix, Populus) üzrə yabanı halda 15 və becərilən halda 5 növə rast gəlinir. Ağac və kol bitkiləridir. Yarpaqları sadədir, saplaqlıdır, tam ayalıdır, növbəli düzülür, yarpaq altlıqları bəzən tez tökülür.

Söyüdkimilər adətən, ikievli bitkilərdir, çiçəkləri bir cinslidir. Çiçək yanlıqları inkişaf etmir, çiçəkləri sırğaya toplanır. Sırğaları çiçəklədikdən və ya meyvələri yetişdikdən sonra bütünlüklə qoparaq ağacdan düşür. Çiçəkaltlığı pulcuqlarının kənarı tam və ya bölümlü olur. Erkəkcikləri 2 və ya çoxdur. Erkəkciklərin sapı növündən asılı olaraq sərbəst, qaidə hissəsində və ya yuxarısına kimi bitişik olur.

Yumurtalıqları üst vəziyyətdə olub, 2 meyvə yarpağından təşkil olunmuşdur. Dişiciyin ağızcığı 2-dir. Yumurtalığı 1 yuvalıdır, yumurtacıqların sayı çoxdur. Meyvələri 2 qapaqla açılan, çoxtoxumlu qutucuqdur. Toxumları xırdadır, endospermsizdir, qaidə hissəsindən dəstə şəklində uzanan uçağana malikdir. Entomofil və ya anemofil bitkilərdir. Söyüdkimilər yarpaqlanmadan əvvəl və ya yarpaqları açılan vaxt çiçəkləyir.

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. Aydın Əsgərov. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press, 2016. - 444 s.