Fəsilə: Cucurbitaceae - Boranıçiçəklilər print

Dünyanın əksər ölkələrində, xüsusən subtropik iqlimli regionlarda yabanı və ya becərilən halda 1000-dən çox növü əhatə edir. Azərbaycanda yabanı halda 2, becərilən halda 5-6 cinsin nümayəndələrinə rast gəlinir.

Yabanı yayılan və becərilən nümayəndələrinin gövdələri dırmaşan və ya səriləndir. Yarpaqları sadə olub, yarpaq altlıqları olmur. Çiçəkləri yarpaqların qoltuğunda tək-tək yerləşir və ya bir neçə çiçəkdən təşkil olunmuş çiçək qruplarına yığılır. Çiçəkləri müntəzəm, adətən, bircinslidir, bir və ya ikievlidir. Çiçəkyanlığı ikiqatdır. Kasacıq, tac və erkəkciklər qaidə hissəsində bitişərək boru əmələ gətirir və o da öz növbəsində yumurtalığa bitişdiyindən yumurtalıq alt vəziyyətdə qalır. Ləçəkləri 5 ədəddir. Erkəkcikləri 5, sapları qısadır. Gineseyi 3 meyvə yarpağından təşkil olunmuşdur. Dişiciyin sütuncuğu qısadır, ağızcığı 3 bölümlüdür. Toxumları endospermsizdir.

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. Aydın Əsgərov. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press, 2016. - 444 s.