Fəsilə: Cruciferae - Xaççiçəklilər print

Dünyada, xüsusən Şimal yarımkürəsində geniş yayılmış 350 cinsə aid 3000-dən çox növü vardır. Xaççiçəklilər əksəriyyəti birillik, ikiillik və ya çoxillik olan otlardır, bəzi növləri isə yarımkol bitkilərdir. Yarpaqları sadə, ayası tam və ya bölümlü olub, növbəli düzülmüşdür, yarpaq altlıqları olmur. Çiçəkləri sadə və ya mürəkkəb salxımlara yığılır, çox vaxt salxımlar öz növbəsində süpürgə çiçək qrupuna toplanır. Çiçək altlığı inkişaf etmir. Çiçəkləri müntəzəmdir, kasacığı ikişər olmaqla iki dairədə yerləşmiş 4 ədəd sərbəst kasa yarpağından, tacı isə bir dairədə yerləşmiş 4 sərbəst ləçəkdən təşkil olunur. Əksər növlərdə erkəkcik 6 ədəd olub, 4-ü daxili dairədə və nisbətən uzun boylu, 2-si isə qısa boylu olub xarici dairədə yerləşir. Kasa yarpaqları, ləçəklər və erkəkciklər yanaşı dairələrdə bir-biriləri ilə növbələşir. Dişicikləri 2 meyvə yarpağının bitişməsindən təşkil olunmuşdur, yumurtalıqları üstdür, adətən yalançı arakəsmə ilə ayrıldığından iki yuvalı olur. Yumurtacıqları əksərən çoxdur. Çiçək yatağı üzərində nektarlıqları yerləşir. Xaççiçəklilər əksərən həşərat vasitəsilə tozlanan bitkilərdir.
Xaççiçəklilərdə çiçəklər ləçəklərin rənginə görə (ağ, çəhrayı, sarı və s.) və çiçək üzvlərinin böyüklüyü və formasına görə fərqlənirlər. Meyvənin quruluşunda xeyli müxtəlifliyə təsadüf olunur. Meyvələri çox vaxt buynuz və ya buynuzcuq meyvə olur. Bəzi növlərinin meyvəsi açılmayandır. Toxumları endosperm və perispermsizdir. Meyvənin, toxumun və rüşeymin əlamətləri xaççiçəklilərin təsnifatında geniş istifadə edilir.
Xaççiçəklilər fəsiləsindən Azərbaycanda arandan başlamış yüksək dağ qurşağına kimi müxtəlif ekoloji şəraitdə 74 cinsə aid 248 növə təsadüf olunur. Yabanı bitki örtüyündə yayılan növlərdən əlavə fəsiləyə bir çox qiymətli, becərilən bitkilər daxildir. Tərəvəz bitkisi kimi becərilən növlərindən baş kələm (Brassicca oleracea), vəzəri (Lepidium sativum), turp (Raphamis sativus), şalqam (Brassica napus), toxumlu yağlı növlərindən çöl xardalı (Sinapis arvensis), sarept xardalı (Brassica juncea) və s. göstərilə bilər. Bir sıra xaççiçəkli növləri bəzək bitkisi kimi geniş becərilir. Bunlardan şəbbugülü (Matthiola incana), müxəkgülü (Cheiranthus cheiri), gecə bənövşəsi (Hesperis matronalis) qeyd oluna bilər.

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. Aydın Əsgərov. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press, 2016. - 444 s.