Cins: Amaranthus - Pəncər print

Arktikadan başqa dünyanın əksər yerlərində yayılan 45 növündən Azərbaycanda 11 növünə rast gəlinir ki, onlardan da 2-si kulturadadır. Kulturada olan quyruqlu pəncər və hibrid pəncər növləri Azərbaycanın əksər iri şəhərlərində bağ və parklarda yaşıllaşdırmada istifadə olunur. Təbii növlərinə respublikanın demək olar ki, bütün rayonlarında arandan orta dağ qurşağınadək yol kənarlarında, çay kənarlarında, bağ və bostanlarda rast gəlinir. Növləri təyin edərkən qutucuğun, çiçəkyanlığının, çiçək qrupunun və yarpağın əlamətləri istifadə olunur. Bəzi növlərinin cavan yarpaqları tərəvəz kimi (qara pəncər, qırmızıbaldır pəncər, göy pəncər) istifadə olunur, bəzilərinin toxumundan hazırlanan un quşların yemini təşkil edir. Toxumunda yağ, zülal, nişasta, vitamin “C” vardır. Bəzi növləri isə alaq bitkisi kimi əkinlərə ziyan vurur.