Fəsilə: Euphorbiaceae - Südləyənkimilər print

Afrika, Cənubi Amerika, Cənubi və Cənub-Şərqi Asiyanın tropik və subtropik iqlimli ölkələrində yayılan 300 cins üzrə 7500 növü əhatə edir. Bir neçə növə dünyanın mülayim iqlimli ölkələrində rast gəlinir, lakin onlar bitki örtüyündə əsas rol oynamır. Südləyənlərə müxtəlif həyat formalarında təsadüf edilir. Dünya florasında ot formaları ağac və kol formalarından azdır. Çiçəkləri bircinsli, bir və ya ikievlidir. Çiçəkyanlığı ikiqat olsa da, çox vaxt çiçəklər ləçəksizdir, bəzən çiçəkyanlıqsızdır. Erkəkciklər 1 və ya çoxsaylı, yumurtalıq 3 yuvalı, meyvəsi qutucuqdur. Çiçək qrupu xüsusi tipli olub, “siatiya” adlanır. Bu zaman o, əsasən, dişicikli çiçəkdən ibarət olur və onu qrup halında yuxarıya doğru uzanmış 1-10 ədəd erkəkcikli çiçəklər əhatə edir. Azərbaycanda 7 cins üzrə 53 növü var.

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. Aydın Əsgərov. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press, 2016. - 444 s.