Növ: Fagus orientalis - Şərq fıstığı print

Respublikanın əksər rayonlarında, orta və yuxarı dağ qurşağında (çox az hallarda aşağı dağ qurşağı) təmiz və qarışıq halda fıstıq meşəliyi əmələ gətirir. Şərq fıstığı ucaboylu, qalıngövdəli ağacdır. Yarpaqları tamkənarlıdır, növbəli düzülür. Yumurtalığı 3 yuvalıdır, ağızcığı 3-dür. Dişicik daşıyan çiçəklərdən təşkil olunmuş dixazidə ortada yerləşən çiçək inkişaf etmir və beləliklə, dixazi ikiçiçəklidir. Dixazi 4 qapaqla açılan çanaqcıqla əhatə olunur. Meyvəsi yetişəndə çanaqcıq ağaclaşır, üzəri keçə kimi tüklüdür və xətvarı pulcuqlarla örtülüdür. Hər çanaqcıqda, adətən, 2 ədəd fındıqca yerləşir. Fındıqca üçküncdür, ucu şişdir. Cücərəndə ləpə yarpaqları torpağın üzərinə çıxır, iridir, yaşıl rənglidir. Əsas meşə əmələgətirici ağac növüdür. Tikinti materialı və oduncaq kimi, eləcə də texniki, dekorativ bitki kimi faydalıdır.