Fəsilə: Rosaceae - Gülçiçəklilər print

Dünyanın əksər yerlərində, əsasən Şimal yarımkürəsinin mülayim və subtropik ölkələrində yayılan 100 cins üzrə 3000-3400 növü əhatə edir.

Fəsilənin Azərbaycanda 29 cins üzrə 195-ə qədər yabanı yayılmış növünə təsadüf olunur. Bununla yanaşı bir sıra meyvə və bəzək ağacları (ərik - Armeniaca vulgaris, şaftalı - Persica vulgaris, yapon əzgili - Eriobotrya japonica, dəfnəgilənar - Laurocerasus offcinalis və s.) geniş becərilir. Gülçiçəklilər fəsiləsinin nümayəndələri çoxillik, bəzən birillik ağac və kol bitkilərdir. Yarpaqları növbəli düzülür, çiçəkləri tək-tək yerləşir və ya çiçək qrupuna yığılmışdır. Çiçəkləri, adətən, müntəzəmdir, əksərən 5 üzvlüdür, çiçək üzvləri dairəvi düzülür. Əksəriyyət növlərində çiçək ikicinslidir, bəzi növlərdə isə (Aruncus vulgaris) çiçək bircinslidir. Çiçəkyanlığı, adətən, ikiqatdır, bəzi növlərdə sadədir. Kasa yarpaqları sərbəstdir, sayı 5-dir və ya bəzi növlərdə 4-dür (Alchemilla). Bəzi növlərdə (Fragaria) kasa altlığı vardır.

Ləçəkləri, adətən, 5, bəzən 4 ədəd olub, əlvandır, yaxud zəif inkişaf etmişdir və ya heç yoxdur. Erkəkciklərinin sayı ləçəklərinin sayından 2-4 dəfə artıqdır və ya onların sayı qeyri-müəyyəndir, bəzi növlərdə isə 1-5-ə qədərdir. Məsələn, gavalı (Prunus) növlərində erkəkciklər çoxdur, görkəmsiz (Aphanes arvensis) növündə isə 1-3 - ə qədərdir.

Fəsilənin sadə quruluşlu növlərində çiçək yatağı qabarıqdır, ginesey apokarpdır. Ali gülçiçəklilərdə isə çiçək yatağı çuxurdur, ginesey sinkarpdır və yumurtalığın divarı çiçək yatağı ilə bitişərək alt yumurtalıq əmələ gətirmişdir (Malus). Kasa yarpaqları, ləçək və erkəkcikləri düz və ya çuxur çiçək yatağının kənarına bitişir və belə çiçək yatağı hipanti adlanır. Yumurtalıq biryuvalıdır və ya ginesey sinkarpdırsa 2 və ya çoxyuvalıdır. Yumurtalığın yuvalarında yumurtacıqlaırn sayı növündən asılı olaraq 1-2 və ya bəzən çox olur. Toxumları əksərən endospermsizdir.

Gülçiçəklilərin əksəriyyəti entomofil bitkilərdir. Onların çiçəyinin bal şirəsi həşəratı cəlb edir. Bal şirəsi vəzicikləri (nektarlığı) çiçək yatağında gineseylə erkəkciklərin arasında dairəvi lövhəcik və ya azca qabarıq halqa şəklində olur. Bəzi növlərində (Rosa) həşəratı tozcuqlar cəlb edir. Gülçiçəklilərdə öz-özünə tozlanma və ya küləklə tozlanmaya müstəsna hal kimi təsadüf olunur.

Gülçiçəklilərdə şirəli, bir və ya çoxtoxumlu meyvələrə təsadüf olunur. Bir çox növlərdə qədəhəbənzər çiçək yatağı meyvə yetişəndə iriləşib, lətləşir, əlvan olur (Rosa, Malus).

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. Aydın Əsgərov. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press, 2016. - 444 s.