Cins: Hypericum - Dazı print

Əsasən, subtropik ölkələrdə və Aralıq dənizi regionlarında yayılan 200-dən çox növündən Azərbaycanda 21 növünə rast gəlinir. Onlara respublikanın əksər rayonlarında yuxarı dağ qurşağınadək meşə və rütubətli kolluqlarda, quraq daşlı-qayalı yamaclarda, çay vadilərində, bəzən əhəngli dağ süxurlarında rast gəlinir. Dazı növləri içərisində endem (atropatan dazı, gözəl dazı, Fyodorov dazısı) növlər də vardır. Morfoloji cəhətdən dazı növləri vegetativ orqanlarında vəzli tükcüklərin, gövdənin və meyvənin əlamətləri ilə fərqləndirilir. Cinsin növləri dərman, boya, vitaminli, aşı maddəsi alınan bitkilərdir. Gözəl dazı növü “Qırmızı kitaba” daxil edilib.