Cins: Viola - Bənövşə print

Dünyanın əksər mülayim iqlimli regionlarında yayılan 300-dən çox növü vardır. Azərbaycanda cinsin 28 növü yayılmışdır. Onlara respublikanın əksər rayonlarında arandan alp qurşağınadək meşə və kolluqlarda, qaya çatlarında, daşlı-qayalı yerlərdə, dağ çəmənliklərində, bəzən əkinlərdə rast gəlinir. Azərbaycanda yayılan bənövşə növləri ot bitkiləridir.

Yarpaqları növbəli və ya qarşılıqlı düzülür, əksərən yarpaq altlığı da olur. Çiçəkləri qeyri-müntəzəm və ya müntəzəmdir, tək-tək yerləşir, ikicinsli, 5 üzvlüdür. Erkəkcikləri ləçəklərlə növbələşir, ləçəkləri sərbəstdir, aşağı hissəsində nektar yığılan mahmız əmələ gətirir. Yumurtalıq üstdür, 1 yuvalıdır. Dişiciyin sütuncuğu 1-dir. Meyvələri qutucuq və ya giləmeyvədir. Əksər bənövşə növləri dekorativ bitkilərdir, onlardan bağçılıq və gülçülükdə geniş istifadə olunur. Həmçinin vitaminli, alkaloidli, dərman əhəmiyyətli və parfümeriyada istifadə olunan bənövşə növləri vardır.