Cins: Populus - Qovaq print

Dünyanın mülayim iqlimli ölkələrində yayılan 120-dən çox növü var. Azərbaycanda 11 növə rast gəlinir. Onlara respublikanın əksər rayonlarında yuxarı dağ qurşağınadək (1700m-dək) meşələrdə, çay kənarlarında və becərilən halda şəhər və qəsəbələrdə təsadüf olunur. İri ağaclardır.

Çiçəkləri sırğa tipli, asılı şəkildə yerləşən çiçək qrupuna yığılmışdır. Yarpağının ayasi enlidir, saplağı uzundur. Uzun və qısa budaqlarında yerləşən yarpaqları formasına görə fərqlənir. Tumurcuq pulcuqları əl vuranda yapışır, qatranlıdır. Söyüdlərdən fərqli olaraq bunların çiçəkaltlıqları bölümlüdür. Çiçək yatağı kasavari şəkildə iriləşmişdir, nektarlıqları olmur, küləklə tozlanır. Erkəkciklərinin sayı 3-30-a qədər olur, tozcuqları ilk vaxtlar (çiçək açılan zaman) qırmızımtıl olur. Meyvələri 2 qapaqla açılan qutucuqdur. Toxumları budaqlanmayan tüklərdən təşkil olunmuş uçağana malikdir.

Qovaqlar qiymətli inşaat materialı kimi və yaşıllaşdırmada istifadə olunan qiymətli bitkilərdir. Onlar həmçinin dərman, boya və aşılayıcı bitkilər kimi də əhəmiyyətlidirlər.