Cins: Gossypium - Pambıq + print

Hər iki yarımkürədə yayılan 70-ə qədər növündən Azərbaycanda bir neçə növü qiymətli texniki bitki kimi becərilir. Geniş becərilən növlərindən upland - G.hirsutum (vətəni Mərkəzi Amerikadır), qaraqoza - G.herbaceum(vətəni Afrikadır), Peru pambığı G.peruvianum (vətəni Cənubi Amerikadır) və Asiya pambığı G.arboreum (vətəni Cənub-Şərqi Asiyadır) göstərilə bilər.

Azərbaycanda becərilən pambıq sortları əsas etibarilə upland növünə aid çeşidlərdir. Birillik bitki kimi becərilir. Budaqları monopodial (boy) və simpodial (qoza daşıyan) olmaqla fərqlənir. Yarpaqları saplaqlı olub, ayası böyrəkvaridir, alt tərəfində budaqlı və ulduza bənzər tükcüklərlə örtülüdür. 3 ədəd kasaltlığı yarpaqları sərbəst, iridir. Kasacığı 5 ədəd bitişik kasa yarpağından təşkil olunmuşdur, 5 bölümlüdür. Tacı 5 ləçəkdən ibarətdir. Ləçəkləri sarımtıl rəngli olub, erkəkciklərin borusu ilə bitişir. Erkəkcikləri çoxdur, dişiciyi əhatə edən boru əmələ gətirir. Dişiciyi 4-5 meyvə yarpağından təşkil olunmuşdur, yumurtalığı üstdür. Meyvəsi qutucuqdur, yetişəndə qapaqlarla açılır. Toxumlarının qılafında tüklər toxuculuq sənayesində işlədilir. Toxumlarından alınan yağ yeyilir, texniki yağ kimi işlədilir və yağ çıxarıldıqdan sonra qalan cecəsi yem kimi istifadə olunur.