Cins: Celtis - Dağdağan print

Dünyanın əksər ölkələrində tropik, subtropik və mülayim iqlimli ərazilərdəgeniş areala malik cins olub, 60-dan çox növü əhatə edir. Azərbaycanda yabanı halda 4, becərilən halda isə 2 növü məlumdur.

Respublikada dağdağan növləri əksər rayonlarda, arandan orta dağ qurşağınadək (1400m) meşəli və meşəsiz ərzilərdə, daşlı, qayalı yerlərdə, quraqlıq sahələrdə bitir. Gövdəsi boz qabıqlı, yarpaqları növbəli düzülən,çiçəkləri ikicinslidir (tək erkəkcikli çiçəkləri də olur). Erkəkcikləri 4-7 ədəd, dişiciyi biryuvalı, ağızcığı 2-dir. Meyvəsi çəyirdəkmeyvədir. Cins daxilində növlər bir-birindən, əsasən yarpağının və meyvəsinin əlamətləri (quruluşu, forması, ölçüləri) ilə fərqləndirilir. Oduncağı qiymətlidir, quraq iqlimli rayonların yaşıllaşdırılmasında yararlı olan bitkidir. Meyvələri yeyilir, yağlıdır. Uzun ömürlüdür, 600 ilə kimi yaşayır. İntroduksiya edilən növləri də vardır.