Fəsilə: Umbelliferae - Çətirçiçəklilər print

Yer Kürəsində bütün iqlim qurşaqlarında və xüsusən, mülayim iqlimli ölkələrdə geniş yayılmış 300 cins üzrə 3000-3500 növü var. Müasir Azərbaycan florasında 67 cins üzrə 183 növə rast gəlinir. Onlar daha çox respublika ərazisində Qafqaz, Naxçıvan və Lənkəran regionlarında yayılıb.
Çətirçiçəklilər fəsiləsinin nümayəndələri bir, iki və əksərən çoxillik otlar və ya bəzən kol, yarımkol bitkilərdir. Yarpaqları növbəli düzülür, qaidə hissəsində enliləşərək qınabənzər şəkil alır. Yarpaqaltlıqları olmur, yarpaqların ayası barmaqvari və ya lələkvari şəkildə bir və ya bir neçə qat bölümlü olur. Bəzi növlərində yarpaq tam ayalıdır. Buğumları nisbətən qalınlaşmış, buğumaraları isə şırımlı və ya hamar olur, çox vaxt içərisi boş olur. Çiçəkləri xırdadır, əksərən mürəkkəb çətirə yığılır. Bəzi növlərdə, məsələn, titrəmərcanda (Astrantia) çiçəklər sadə çətirə və ya zımbırtikanda (Eryngium) başcığa yığılmışdır. Çiçək qrupunun aşağısında ümumi örtücü (sarğı) yarpaqlar olur. Mürəkkəb çətirdə isə bundan əlavə, hər çətirciyin qaidəsində xüsusi örtücü yarpaqlar var. Çiçək qrupları gövdənin ucunda və yan budaqlarda əmələ gələ bilər.
Çətirçiçəklilərdə çiçək qrupunda olan çiçəklər əksərən hamısı müntəzəmdir, ikicinslidir. Bəzi növlərdə çiçək qrupunda ortada yerləşən çiçək ikicinsli, kənardakılar isə zəif dərəcədə ziqomorfdur.
Çiçəkləri 5 üzvlüdür, çiçək üzvləri 4 dairə (kasacıq, tac, androsey, ginesey) üzrə yerləşirlər. Yanaşı dairədə olan çiçək üzvləri növbəli şəkildə düzülürlər. Əksərən kasa yarpaqları zəif inkişaf edir, bir çox növlərdə kasacıq yumurtalığın yuxarısında dişcik və ya çıxıntı şəklində olur. Ləçəkləri əksərən ağ, açıq çəhrayı və ya sarı rəngli olur, qaidə hissəsində daralaraq dırnaqcıq əmələ gətirir. Ləçəyin yuxarı hissəsinin ucu çox vaxt çiçəyin içərisinə doğru əyilmiş olur. Erkəkcikləri 5 ədəddir. Dişiciyi 2 meyvə yarpağından təşkil olunmuş, yumurtalığı altdır, 2 yuvalıdır, sütüncuğu 2-dir. Yumurtalığın yuxarısında sütuncuqların qaidəsində 2 bölümlü qabarıq hissə (disk) vardır. Disk çiçəkdə nektarlıq rolunu oynayır. Yumurtalığın hər yuvasında, adətən, bir yumurtacıq olur.
Çətirçiçəklilər həşəratla çarpaz tozlanan bitkilərdir. Həşəratı çiçəklərinin əlvan olması, iyi və bal şirəsi cəlb edir. Bunlarda müşahidə olunan dixoqamiya (erkəkcik və dişiciyin tez yetişməsi) öz-özünü tozlandırmağa imkan vermir. Bəzi növlərdə bircinsli çiçəklərin olması da özünü tozlandırmanın qarşısını almağa uyğunlaşmadan əmələ gəlmiş əlamətdir. Meyvələri yetişəndə əksərən 2 ədəd toxumcaya bölünür. Toxumcaları haçavari olan tikişin qalığı üzərində (karpoforun üzərində) asılı şəkildə yerləşir. Təkbir növlərdə meyvələr toxumcalara bölünmür. Toxumcaların qarın tərəfi (karpofora tərəf duran səthi, komissura) hamardır, xarici (arxa) tərəfi isə hamar olmur. Toxumcanın arxa tərəfində 5 ədəd qabırğacıq (onlardan 2-si yan tərəflərdə, 3-ü isə üst tərəfdə) olur. Qabırğacıqlar ötürücü topalardır. Bunlara ilk qabırğacıq deyilir. İlk qabırğacıqların arasında çuxurlaşmış şırımlar vardır. Bəzi növlərdə şırımların üzərində ikinci qabırğacıqlar əmələ gəlir. Şırımların altında, toxumcanın perikarpisində yağla dolu kanallar olur. Bitkinin növündən asılı olaraq ilk və ikinci qabırğacıqlar qanadabənzər çıxıntı, qopar tikan, sərt tük şəklini ala bilər. Qabırğacıqların belə dəyişikliyə uğraması toxumcaları yaymağa uyğunlaşma nəticəsində əmələ gəlir. Meyvələrin, qabırğacıqların və şırımların forması çətirçiçəklilərin növündən asılı olaraq müxtəlif olur və fəsilənin təsnifatında geniş istifadə olunan əlamətlərdir. 

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. Aydın Əsgərov. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press, 2016. - 444 s.