Fəsilə: Campanulaceae - Zəngçiçəyikimilər print

Əsasən, Şimal yarımkürəsində, xüsusən Aralıq dənizi ətrafı ölkələrdə yayılan 80 cins üzrə 2300 növü var. Zəngçiçəklilər əksərən çoxillik ot bitkiləridir. Yarpaqları növbəli düzülür, ayası, adətən, tamdır, yarpaq altlıqları olmur. Çiçəkləri ikicinslidir, müntəzəmdir. Kasacığı, tacı, androseyi 5 üzvlüdür. Gineseyi çox vaxt 3, bəzən 5 üzvlüdür. Çiçəkyanlığı yarpaqlarının sayı seyrək növlərdə 5-dən az və ya çox olur. Çiçəyin tacı zəngvari, qıfa və ya çarxabənzər olur. Bəzi növlərində tac qaidəsinə kimi bölünmüşdür və ya tacın bölümləri ancaq yuxarı hissəsində bitişir. Erkəkciklərin sapı çox vaxt enliləşmiş olur, tozluğu sərbəstdir və ya yanaşı şəkildə yapışaraq boru əmələ gətirir. Dişiciyin yumurtalığı, adətən, alt, bəzi növlərdə isə yarımalt vəziyyətdə yerləşir, əksərən 3 yuvalıdır. Ağızcığı əksərən 3 bölümlüdür. Bəzi növlərində sütuncuğun qaidəsində qabarıq dairə şəklində nektarlıq olur, həşəratla tozlanır. Meyvələri əksərən qutucuqdur. Fəsilənin bir çox növləri dekorativ bitkilərdir. Azərbaycanda fəsilənin 7 cins üzrə 56 növü yayılıb.

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. Aydın Əsgərov. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press, 2016. - 444 s.