Fəsilə: Solanaceae - Badımcançiçəklilər print

Dünyanın hər yerində, xüsusən Mərkəzi və Cənubi Amerikada yayılan 90 cinsə aid 2500-dən çox növü var. Badımcançiçəklilər birillik, çoxillik və ya kol (məsələn, it üzümü – Lycium) bitkilərdir. Tropik qurşaqda, xüsusən Amerikada yayılmış bəzi növləri ağac bitkiləridir. Yarpaqları, adətən, növbəli düzülür, bəzən (xüsusən, çiçəkdaşıyan budaqlarda) ikişər və ya qarşılıqlı yerləşir və bu halda ikişər yarpaqlar müxtəlif böyüklükdə olur. Yarpaq altlıqları olmur. Çiçəkləri qıvrım çiçək qrupuna toplanmışdır. Simoz tiplidir, çiçək qrupunda əsas oxun ucunda yerləşən çiçək əvvəl açılır və çiçəklərin açılması çiçək qrupunda ucdan aşağıya doğru davam edir. Çiçəkləri, adətən, müntəzəmdir, lakin bəzi növlərin (Hyoscyamus niger) çiçəyi zəif dərəcədə ziqomorfdur. Çiçək üzvləri çiçək yatağında 4 dairə üzrə yerləşirlər. Çiçək yanlığı və androsey əksərən 5 üzvlüdür. Kasacıq əksərən tökülmür və meyvənin yanında qalır. Tacı əlvandır, bitişik ləçəklidir, çiçək tozlandıqdan sonra tökülür. Dişicik 2 meyvə yarpağının bitişməsindən əmələ gəlmişdir. Yumurtalığın qaidəsində çox vaxt nektarlıq daşıyan 5 bölümlü lövhəcik olur. Yumurtalıq üstdür, adətən, 2 yuvalıdır və ya yalançı arakəsmələrlə bölünərək 3-5, bəzən isə 1 yuvalıdır. Yumurtalığın yuvalarında yumurtacıqların sayı çoxdur. Sütuncuğu 1-dir, ağızcığı yumru və ya 2 bölümlüdür. Adətən həşəratla tozlanan bitkilərdir. Meyvələri qutucuqdur və ya giləmeyvədir.
Badımcançiçəklilər, adətən, alkoloidli bitkilərdir. Bununla bərabər, fəsilədə yeyilən, dərman, texniki və bəzək bitkisi kimi istifadə olunan növlər də vardır. Badımcançiçəklilər fəsiləsindən Azərbaycanda 12 cinsə yığılmış 27 növə yabanı halda, o cümlədən 5 cinsə və 11 növə becərilən şəkildə təsadüf olunur. Yabanı növlərə kölgəli meşələrdə, çayların kənarında, alaq bitkisi kimi əkinlərdə, bağ və bostanlarda, demək olar ki, hər yerdə təsadüf olunur.

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. Aydın Əsgərov. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press, 2016. - 444 s.