Fəsilə: Boraginaceae - Göyzəbankimilər print

Yer Kürəsinin müxtəlif iqlim qurşaqlarında, xüsusən, Aralıq dənizi ətrafında olan ölkələrdə, Qərbi və Orta Asiyada, Kaliforniyada yayılan 115 cinsə aid 2500-dən çox növü var. Azərbaycanda fəsilənin 30 cins üzrə 86 növü məlumdur. Onlar birillik, ikiillik və ya çoxillik, bəzən yarımkol bitkilərdir. Əksəriyyət nümayəndələri quraq yerlərdə, gilli, daşlı yamaclarda, alaq bitkisi kimi əkinlərdə və ya zibilli yerlərdə bitir.

Gineseyin, androseyin və meyvənin əlamətlərinə görə fəsiləni 5 yarımfəsiləyə və çoxsaylı tribalara ayırırlar. Azərbaycanda yayılan sümürgənkimilər əsasən 2 yarımfəsiləyə (Heliotropioideae, Boraginoideae) aid edilir. Heliotrop yarımfəsiləsinin növlərində yumurtalıq bütöv olub, sütuncuq onun yuxarısında yerləşir. Borago yarımfəsiləsində isə yumurtalıq 4 bölümlüdür. Sütuncuq bölümlərin ortasından qalxır və meyvə adətən, 4 ədəd birtoxumlu fındıqca şəklində olur. Fəsilənin nümayəndələrindən çoxu üçün bitkinin üzərinin cod tüklərlə örtülü olması xarakterdir. Yarpaqları tam kənarlıdır, növbəli yerləşir, yarpaq altlıqları olmur. Çiçəkləri qıvrım çiçək qrupuna yığılır. Bəzən çiçək qrupları süpürgə, qalxan və ya başcığabənzər mürəkkəb çiçək qrupunda toplanır. Çiçəkləri 4 dairədən təşkil olunmuşdur. Adətən, beşüzvlüdür, əksərən müntəzəm, bəzi növlərdə zəif dərəcədə qeyri-müntəzəmdir. Çiçək yanlığı ikiqatdır, bitişik yarpaqlıdır. Kasacığı 5 dişli və ya 5 bölümlüdür, tökülmür, meyvənin yanında qalır. Tacı boruşəkilli, zəngvari və ya çarxabənzərdir, yuxarısında 5 dişli və ya bölümlüdür. Tacın boğaz hissəsində pulcuqlar olur və ya bükükdə bölümlərin qaidəsi qırışıqlı olur. Bəzi növlərdə pulcuq və qırışıqlar olmur. Bir çox növlərində tacın rəngi əvvəl çəhrayı olduğu halda, solana yaxın abı, göy və ya bənövşəyi rəng alır. Erkəkcikləri 5-dir, tacın borusuna bitişir. Dişicik 2 meyvə yarpağının bitişməsindən əmələ gəlmişdir. Sütuncuq birdir, ağızcıq yumrudur və ya 2 bölümlüdür, yumurtalığı ikiyuvalıdır və hər yuvasında iki yumurtalıq olur. Əksəriyyət Sümürgənkimilərdə isə ikiyuvalı yumurtalıq yalançı arakəsmə ilə bölünərək 4 yuvalı və hər yuvasında 1 yumurtacıq olur. Belə yumurtalıq xaricdən 4 bölümlü olur. Sütuncuq yumurtalığın bölümləri arasında yuxarı qalxır. Adətən, həşəratla çarpaz tozlanan bitkilərdir. Təkbir növlərində çiçək açılana kimi öz-özünü tozlandırma halına təsadüf olunur. Ümumiyyətlə, bunların çiçəyi həşəratla tozlanmağa uyğunlaşmışdır. Diskəbənzər nektarlıqları çiçəyin dibində, yumurtalığın qaidəsində yerləşmişdir. Meyvəsi 4 fındıqcaya bölünür və ya çəyirdəkli meyvəyə bənzərdir, bəzi növlərdə fındıqcalara ayrılmır və kasacıqla əhatə olunmuş şəkildə qalır.

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. Aydın Əsgərov. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press, 2016. - 444 s.