Fəsilə: Scrophulariaceae - Qurdağzıçiçəklilər print

Əsasən, kosmopolit areala malik olsa da, ən çox Şimal yarımkürəsinin mülayim iqlimli ölkələrində, az sayda tropiklərin dağ landşaftlarında yayılan 300 cinsə aid 5000 növü var. Əksər nümayəndələri çoxillik otlardır. Bitkinin üzərində mürəkkəb quruluşlu tüklərin əmələ gəlməsi fəsilənin nümayəndələri üçün səciyyəvi əlamətdir. Yarpaqları sadədir, növbəli, qarşılıqlı və ya dəstə şəklində düzülür, saplaqlıdır və ya oturaqdır. Bəzi nümayəndələrində gövdənin aşağı hissəsində yarpaqlar növbəli düzüldüyü halda, çiçək qrupuna yaxın yuxarı hissədə qarşılqılı düzülür və ya aşağı yarpaqlar saplaqlı olduğu halda, yuxarı yarpaqlar oturaq olurlar. Yarpaq altlıqları olmur. Çiçəkləri ikicinslidir, salxım, bəzən sünbüləbənzər çiçək qrupuna yığılır, bəzi növlərdə çiçək tək-tək yerləşir. Fəsilənin sadə növlərində çiçək zəif dərəcədə ziqomorf və beşüzvlü olduğu halda, əksəriyyət nümayəndələrində aydın şəkildə ziqomorfdur və çiçək üzvlərinin sayı, xüsusən erkəkciklərin sayı azalmışdır. Kasacıqları bitişik yarpaqlıdır, yuxarısında 5 və ya 4 dişlidir, adətən tökülmür və meyvənin yanında qalır. Tacın boru hissəsi növdən asılı olaraq uzun və ya bəzən çox qısa olur. Tac 5 ləçəyin bitişməsindən əmələ gəldiyindən, büküyü adətən 5 bölümlüdür, əsasən, aydın şəkildə ziqomorfdur. Bir sıra növlərində tac iki dodaq şəklindədir. Burada üst dodaq 2, alt dodaq isə 3 ləçəyin bitişməsindən əmələ gəlmişdir, bəzən çiçəkdə (Linaria) tacın yuxarısında mahmız da əmələ gəlir. Fəsilənin bəzi növlərində (Veronica) arxada yerləşən iki ləçək bitişdiyindən tacın büküyü 4 bölümlü görünür. Sadə nümayəndələrdə erkəkciklərin sayı 4-dür və adətən bunlardan 2-si, qısa, 2-si isə uzundur. Bəzi növlərində (Veronica) erkəkciklərin sayı 2-ə qədər azalmışdır. Dişiciyi 2 meyvə yarpağının bitişməsindən əmələ gəlmişdir, yumurtalığı üstdür, ikiyuvalıdır. Sütuncuğu birdir, ağızcığı adətən yumrudur və ya zəif dərəcədə 2 bölümlüdür. Nektarlığı yumurtalığının qaidəsində tam və ya yarımdairəvi lövhəcik şəklində yerləşir. Bəzi növlərində həşəratı tozcuqlar cəlb edir və nektarlıq olmur. Meyvə ikiqapaqlı qutucuqdur. Toxumları endospermlidir.
Qurdağzıçiçəklilər fəsiləsinin Azərbaycanda 25 cinsə aid 158 (163) yabanı və bir neçə becərilən növü vardır. Azərbaycanda aran yerlərindən başlamış, yuxarı dağ qurşağına kimi bütün regionlarda, müxtəlif ekoloji şəraitdə bu fəsiləyə aid yabanı yayılmış növlərə rast gəlmək olar. Fəsilənin yabanı yayılan nümayəndələri ot və ya yarımkol bitkilərdir. Bəzi növləri (məsələn, Euphrasia, Odontites) yarımparazit otlardır. Azərbaycanda becərilən növlərindən qurdağzı (Antirrhinum majus) birillik çiçəkli bitkidir. Dərman, bəziləri isə bəzək bitkisi kimi istifadə olunur. Fəsilənin nümayəndələri arasında zəhərli (xüsusən, toxumları) növlər də vardır.

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. Aydın Əsgərov. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press, 2016. - 444 s.