Fəsilə: Orobanchaceae - Kəhrəkimilər və ya Orabanşkimilər print

Hər iki yarımkürənin (əsasən Şimal) mülayim, isti, subtropik və tropik iqlimli ölkələrində yayılan 15 cins üzrə 200 növü var. Azərbaycanda 4 cinsi var. Çiçəkli bitkilərin kökləri üzərində parazitlik edirlər. Bir sıra növləri ixtisaslaşmış parazit olduğundan bir və ya bir neçə müəyyən bitkinin kökü üzərində təsadüf olunur. Bir və ya çoxillik parazit bitkilərdir. Yerüstü hissəsi solğun rənglidir, xlorofilsizdir. Gövdələri sadə və ya budaqlanan, bir qədər qalınlaşmış və ya lətləşmiş olur. Yarpaqları pulcuqşəkillidir. Adətən, lətləşmişdir, növbəli yerləşir. İkicinsli çiçəkləri tək-tək və ya gövdənin ucunda sünbül, salxım, bəzən qalxan çiçək qrupuna yığılır. Ziqomorfdur. Tacı 2 dodaqlı olub, üst dodaq 2 bölümlü, alt dodaq isə 3 bölümlüdür. Erkəkcikləri 4 ədəd olmaqla, 2-si qısadır. Arxada yerləşən 5-ci erkəkcik staminodi şəklindədir və ya tamamilə reduksiyaya uğramışdır. Entomofil bitkilərdir. Fəsilənin nümayəndələri üçün proteroginiya (çiçəkdə dişiciyin erkəkciklərdən əvvəl yerləşməsi) səciyyəvidir. Yumurtalıq 2 meyvə yarpağının bitişməsindən əmələ gəlmişdir, üstdür, 1 yuvalıdır. Meyvəsi adətən 2 qapaqla açılan çoxtoxumlu qutucuqdur. Toxumları çox xırdadır, endospermlidir.

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. Aydın Əsgərov. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press, 2016. - 444 s.