Fəsilə: Labiatae - Dodaqçiçəklilər print

Dünyanın əksər isti və mülayim ölkələrində, xüsusən, Aralıq dənizi ətrafı ərazilərdə yayılan 200 cins üzrə 3500-dən çox növü vardır. Dünyanın bitkilik vilayətlərində, əsasən, dağlıq və aran kserofit bitkiliyin açıq, quraq bitmə şəraitində geniş yayılsa da, onlara meşəlik və çəmənlik ərazilərin mezofil bitki qruplaşmaları tərkibində də rast gəlinir.

Əksərən ot, bəziləri yarımkol və ya kol bitkiləridir. Kol formalı növlərə misal olaraq Azərbaycanda yaşıllaşdırmada geniş istifadə olunan rozmarini (Rosmarinus officinalis) göstərmək olar. Tropik ölkələrdə alçaqboylu ağac və dırmanan kol formaları çoxluq təşkil edir.

Fəsilənin nümayəndələrini 2 dodaqlı tacı ilə asan seçmək olur. Gövdələri dördküncdür. Yarpaqları sadə olub, ayası tamdır və ya müxtəlif şəkildə bölümlüdür, əksərən qarşılıqlı və ya bəzi növlərdə dəstələrlə yerləşir. Yarpaq altlıqları olmur. Gövdə və yarpaqlarının üzəri, adətən, efir yağı daşıyan tükcüklərdə və ya qısa ayaqcıq üzərində yerləşən pulcuqlarla örtülü olur. Çiçəkləri üççiçəkli dixazilərdə və ya ikitərəfli qıvrım çiçək qrupuna toplanır. Çiçək qrupunun oxu çox qısadır, qarşılıqlı yarpaqların qoltuğunda oturduqlarından topa şəkildə dəstələrlə yerləşmiş görünürlər. Bəzən sünbülə, süpürgəyə və ya başcığabənzər mürəkkəb çiçək qrupuna yığılır. Əksər nümayəndələrində çiçək qeyri-müntəzəmdir. Kasacıq, adətən, boruvari və ya zəngvaridir, 5 üzvlü olduğundan büküyü 5 dişciklidir. Bəzən kasacıq 2 dodaqlıdır. Kasacığı 4 və ya 6 dişcikli olan növlərə də təsadüf olunur. Çiçəyin tacı 5 üzvlüdür, əksərən 2 dodaqlıdır. Tacda əksərən üst dodaq 2, alt dodaq isə 3 ləçəkli  olduğundan müvafiq şəkildə 2 və ya 3 bölümlü olurlar. Çox vaxt alt dodaqda orta bölüm daha iri olur. Bəzi növlərdə (Mentha) üst dodaqda olan 2 ləçək tamamilə bitişdiyindən tac 4 üzvlü kimi görünür, müntəzəm və ya zəif dərəcədə ziqomorf şəkil alır. Dodaqçiçəklilərin əksəriyyətində erkəkciklərin sayı 4-dür, adətən, onlardan 2-nin sapı daha uzundur. 

Fəsilənin bəzi nümayəndələrində (Salvia, Rosmarinus) erkəkciklərin sayı 2, bir sıra nümayəndələrində isə (Ziziphora, Lycopus) erkəkciklərin sayı 4 olsa da, onlardan ancaq 2-si normal inkişaf etmişdir, digər 2-nin isə sapı çox qısadır, tozluğu inkişaf etməmişdir. Dişicik 2 meyvə yarpağının bitişməsindən əmələ gəlmişdir. Yumurtalıq üstdür, ilk vaxt 2 yuvalıdır və hər iki yuvasında yumurtacıq olur, daha sonra hər yuva yalançı arakəsmə ilə bölündüyündən yumurtalıq 4 yuvalı və hər yumurtasında 1 yumurtacıq olur. Beləliklə, yumurtalıq tam yetişəndə 4 bölümlü şəkil alır. Sütuncuq, adətən, bölümlərin ortasında olmaqla yumurtalığın aşağı hissəsindən qalxır və belə sütuncuq kinobazik sütuncuq adlanır. Bunlarda tam şəkildə terminal (yumurtalığın təpə hissədinə qalxan) sütuncuğa təsadüf olunmur. Sütuncuğu uzundur, ağızcığı, adətən 2 bölümlüdür. Meyvəsi yetişəndə 4 fındıqcaya bölünür. Toxumunda endosperm olur və ya endospermi zəif inkişaf etmişdir.

Dodaqçiçəklilərin bir çox növü efir yağı, ətriyyat və dərman hazırlamaq üçün istifadə olunur. Müasir Azərbaycan florasında fəsilədən yabanı halda 37 cins üzrə 220 növə, kulturada 5 cins üzrə 8 növə rast gəlinir.

Fəsilənin yabanı bitən müxtəlif növlərinə arandan başlamış yüksək dağ qurşağına kimi bütün rayonlarda, quru yamaclarda, çayların kənarında, alaq bitkisi kimi əkinlərdə, dincə qoyulmuş torpaqlarda, bağ və bostanlarda rast gəlmək olar.

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. Aydın Əsgərov. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press, 2016. - 444 s.